Viktor Lyaşko: "Pandemiyanın başlanğıcında Ukraynaya ilk yardım əli uzadan Azərbaycan olub" - MÜSAHİBƏ

Viktor Lyaşko: "Pandemiyanın başlanğıcında Ukraynaya ilk yardım əli uzadan Azərbaycan olub" - MÜSAHİBƏ “Report”un Şərqi Avropa bürosunun Ukrayna səhiyyə nazirinin müavini, baş sanitar həkim Viktor Lyaşko ilə müsahibəsi
Sağlamlıq
12 May , 2021 14:11
Viktor Lyaşko: Pandemiyanın başlanğıcında Ukraynaya ilk yardım əli uzadan Azərbaycan olub - MÜSAHİBƏ
Viktor Lyaşko

“Report”un Şərqi Avropa bürosunun Ukrayna səhiyyə nazirinin müavini, baş sanitar həkim Viktor Lyaşko ilə müsahibəsi

- Ukrayna ilə Azərbaycan arasında səhiyyə sahəsində əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Ölkələrimiz arasında səhiyyə sahəsində əlaqələr digər sahələrdə olduğu kimi, yüksək səviyyədədir. Çünki biz ən yaxın dost ölkələr və strateji tərəfdaşlarıq. Bu, son bir ildə dünyanı cənginə almış COVID-19 pandemiyası zamanı da aydın göründü. Məsələn, pandemiya başlayanda Ukraynaya yardım əli uzadan ilk ölkələrdən biri Azərbaycan olub. Buna görə bir daha dost Azərbaycana təşəkkür edirik. Xüsusilə pandemiya dövründə əlaqələrimiz həm texnoloji sahədə, həm də mütəxəssislərin hazırlanması sahəsində davam edəcək. Bu, prioritetlərimizdən biridir.

- İki ölkənin koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlığını hansı istiqamətlərdə inkişaf etdirmək olar?

- Artıq dediyim kimi, pandemiyanın ilk günlərində Azərbaycan bizə humanitar yardım göstərən ilk ölkələrdən biri olub. Virusun qarşısının alınması və ya müalicə metodları sahəsində iş birliyi üçün potensial var. Məsələn, müalicə sahəsində Azərbaycanla təcrübə mübadiləsi aparmağa hazırıq. Virusun geniş yayılması səbəbindən artıq müalicə sahəsində kifayət qədər təcrübəmiz var, xəstəxanalarla bağlı yeni planlar mövcuddur. O cümlədən, virusu aradan qaldırmaq üçün kifayət qədər mütəxəssis ehtiyatımız var. Biz dost ölkə olaraq bunları Azərbaycanla bölüşməyə hazırıq. Xüsusilə, mütəxəssislərimiz təcrübə mübadiləsi üçün Azərbaycanla əməkdaşlığa hazırdırlar. Pandemiya dövründə dərmanların təkmilləşdirilməsi və müalicədə istifadəsi, yoluxma hallarının qarşısının alınması və s. sahələrdə uğurlara nail olmuşuq. Bu təcrübəni bölüşə bilərik.

- Ukraynada vaksinasiya prosesi necə gedir? KİV-dən öyrəndiyimiz kimi, bu proses ölkənizdə bir az gec başlayıb və ya bir az uzun çəkir.

- Bilirsiniz, Ukraynada 40 milyondan çox insan var. Biz əvvəlcə büdcəni dəqiqləşdiririk, sonra müvafiq müqavilələr imzalanır və artıq bundan sonra peyvəndlərin çatdırılması və vətəndaşlara vurulması başlanılır. Bu, müəyyən vaxt tələb edir, lakin biz artıq işə başlamışıq.

- Yeri gəlmişkən, pandemiyanın ilk günlərində hər zaman tibb və dərman sahəsində liderliyini qoruyub saxlayan Ukraynanın peyvənd istehsal edən ilk ölkələrdən biri olacağını gözləyirdik...

- Biz bunu edəcəyik, hətta buna başlamışıq. Artıq üç variant üzərində iş gedir. Təxminən sentyabradək bu işin əsas mərhələsini keçmiş olacağıq. İstehsal etdiyimiz peyvənd yüksək effektivli olmalıdır. İndi bu iş Lvov, Odessa və bir sıra digər şəhərlərdə aparılır.

- Vaksin ilin sonuna hazır olacaqmı? Ukrayna peyvəndi necə adlanacaq?

- Ad barədə əvvəlcədən nəsə deyə bilmərəm. Ancaq peyvənd bu il yox, fikrimcə, gələn il hazır olacaq.

- Pandemiya sonrası dövrdə Ukrayna ilə Azərbaycan arasında səhiyyə sahəsində hansı işlər nəzərdə tutulur?

- Pandemiya sonrası dövr digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də yeni çağırışlar vəd edir. Pandemiyadan sonra əsasən dost ölkələrlə, o cümlədən Azərbaycanla təcrübə mübadiləsinə üstünlük verəcəyik. Mübadilə müxtəlif formalarda ola bilər.

- Ukraynanın şərqində gedən müharibə ölkənin səhiyyə sektoruna necə təsir edir? Bu münaqişəyə görə neçə səhiyyə qurumuna zərər dəyib?

- Bildiyiniz kimi, istənilən müharibə, təcavüz ağır fəsadlara gətirib çıxarır. Bu, ölkəmizdə səhiyyədə ciddi fəsadlara səbəb olub. Statistikaya görə, Donetsk bölgəsində döyüş əməliyyatları başlayandan bəri 1 səhiyyə müəssisəsi məhv edilib, 7-nə ziyan dəyib. Luqansk bölgəsində də 1 səhiyyə müəssisəsi dağılıb, 7-nə ziyan dəyib. Səhiyyə müəssisələrinin böyük əksəriyyətində bərpa işləri aparılıb və onlar normal rejimdə işləməyə davam edirlər.

Son xəbərlər

Orphus sistemi