Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancının başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Hande Harmancı COVID-19-la mübarizə çərçivəsində Gəncə şəhərində görülən işləri təqdirəlayiq hesab etdiyini bildirib. O qeyd edib ki, tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması və vaksinasiya kimi həyata keçirilən qabaqlayıcı tədbirlərin faydası görülməkdədir. Müşahidələr göstərir ki, vaksinasiya prosesinin geniş vüsət aldığı ərazilərdə ölüm halları nəzərəçarpacaq dərəcədə azalmaqdadır. O bildirib ki, I doza önəmli olsa da, vaksin öz təsirini II dozadan sonra göstərir.
H.Harmancı xüsusilə risk qrupuna daxil olan şəxslərin vaksin olunmalarının vacibliyinə toxunub. O qeyd edib ki, tibb işçiləri, yaşı 65 və daha yuxarı olan şəxslər, həmçinin hamilə qadınlar vaksin olunmalıdırlar. “Son zamanlar mütəxəssislər hamilə qadınların da vaksin olunmaları yönündə fikirlər bildirirlər”, - ÜST-ün Azərbaycandakı nümayəndəsi bildirib. O, COVID-19 virusunun yeni ştamlarından da söz açıb. 5-14 yaş arası uşaq və yeniyetmələr arasında "Delta-M" və "Omikron" ştamlarına yoluxma hallarının artdığını bildirən Hande Harmancı, Azərbaycanda hələ ki "Omikron" ştamına rast gəlinmədiyini də qeyd edib.
Görüşdə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” və “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihələrinin icra edildiyi şəhər rəhbərinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, sabah Gəncə Tibb Kollecində sözügedən layihələr çərçivəsində konfrans baş tutacaq.