ÜST məruzəsi: Azərbaycanda malyariya müəyyən olunmayıb
- 09 dekabr, 2014
- 07:53
Bakı. 9 dekabr. REPORT.AZ/ Dünya ictimaiyyəti tərəfindən görülən effektiv tədbirlər nəticəsində 2000-ci ildən 2013-cü ilə qədər dünyada malyariyadan ölüm halları 47% azalıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dekabrın 9-da Cenevrədə dərc olunmuş illik məruzəsində (hesabatında) deyilir.
Məruzədə qeyd olunub ki, bir çox ölkələrdə malyariya tamamilə aradan qaldırılmaqdadır. 2013-cü ildə bu xəstəliyə yoluxma hallarının olmaması barədə Azərbaycan və Şri-Lanka məlumat verib. Argentina, Ermənistan, Misir, Türkmənistan, Qırğız Respublikası da daxil olmaqla, daha 11 ölkə bildirib ki, malyariyadan azad ölkə statusunu saxlayırlar.
Ölümlə nəticələnən malyariya hallarının 90%-nin müşahidə olunduğu Afrika regionunda ölüm halları 54% azalıb.
ÜST-ün qiymətinə görə, 2013-cü ildə dünyada təxminən 192 mln. insan malyariyaya yoluxub, onlardan 584 min nəfəri ölüb. Ölənlərin 453 min nəfəri 5 yaşına qədər uşaqlar olub.