2022-ci ilin əvvəlindən dünyada “mpox” xəstəliyinə (meymunçiçəyinin yeni adı – red.) yoluxanların sayı 85,4 mini keçib.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
“2022-ci il yanvarın 1-dən 2023-cü il yanvarın 30-dək ÜST-yə 110 ölkədən 85 449 yoluxma halı və 89 ölüm faktı barədə məlumat daxil olub”, - təşkilatın yaydığı informasiyada deyilir.
Əvvəlki bülletenin yanvarın 19-da dərc edilməsindən sonra 716 yeni yoluxma halı və 9 ölüm hadisəsi baş verib. Yanvarın 23-dən 29-dək olan həftəlik periodda 403 yoluxma halı aşkar edilib ki, bu da əvvəlki həftə ilə müqayisədə 109 nəfər çoxdur.
13 ölkə ÜST-yə son bir həftə ərzində yoluxma hallarının artması barədə məlumat verib. Ən ciddi artım isə Meksikada qeydə alınıb.
2022-ci ilin əvvəlindən bəri ən çox yoluxma halı ABŞ-da qeydə alınıb – 29 891 nəfər. “Top-10”da həmçinin Braziliya (10 739), İspaniya (7 518), Fransa (4 128), Kolumbiya (4 066), Meksika (3 768), Böyük Britaniya (3 735), Peru (3 723), Almaniya (3 692) və Kanada (1 460) da yer alıb. Xəstələrin böyük əksəriyyəti (96,6%) 29-41 yaş arası kişilərdir.