Oqtay Şirəliyev: "Üç ay ərzində ölkə üzrə 5,4 milyon nəfər müxtəlif müayinələrdən keçirilib"

Oqtay Şirəliyev: "Üç ay ərzində ölkə üzrə 5,4 milyon nəfər müxtəlif müayinələrdən keçirilib" "Dövlət proqramı ilə əhatə olunan xəstəliklərin siyahısına hepatit və dağınıq skleroz da əlavə olunub"
Sağlamlıq
17 İyun , 2015 16:48
Oqtay Şirəliyev: Üç ay ərzində ölkə üzrə 5,4 milyon nəfər müxtəlif müayinələrdən keçirilib

Bakı. 17 iyun. REPORT.AZ/ "Azərbaycanda iyunun 1-dən nikaha daxil olan hər kəsin tibbi müayinəsi zamanı insanlar İİV infeksiyasına, zöhrəvi xəstəliklərə və hemoqlobinopatiyalara görə müayinə edilirlər. Bu tədbir həm adıçəkilən xəstəliklərlə mübarizədə, həm də gələcəkdə doğulacaq körpələrin sağlamlığı ilə bağlı ciddi irəliləyişlərə nail olmağa imkan verəcək". "Report" xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, tək irsi qan xəstəlikləri üzrə deyil, səhiyyə sahəsində həyata keçirilən bütün dövlət proqramları artıq öz bəhrəsini verir: "Dövlət proqramı ilə əhatə olunan bütün xəstəliklər üzrə sağlamlıq və demoqrafik göstəricilər yaxşılaşır. İldən-ilə bu xəstəliklərlə, proqramların icrası ilə, dərman təminatı ilə bağlı şikayətlər azalır. İndi dövlət proqramı ilə əhatə olunan xəstəliklərin siyahısına hepatit və dağınıq skleroz da əlavə olunub".

Ana və uşaq sağlamlığı ilə bağlı ötən ildən etibarən diridoğulmanın yeni meyarlarına keçildiyini xatırladan nazir əlavə edib ki, beynəlxalq səhiyyə təşkilatlarının tövsiyələrinə uyğun olan bu meyarlar müasir dövrün tələbidir: "Azərbaycan səhiyyəsinin bugünkü inkişafı, xüsusiləşdirilmiş tibb müəssisələrinin avadanlıqla təchizatı bizə imkan verir ki, yeni meyarlara uyğun olaraq, vaxtından xeyli tez doğulanların da həyatı uğrunda mübarizə aparaq. Ötən peşə bayramından keçən bir il ərzində Azərbaycan səhiyyəsində daha bir yenilik toksikoloji laboratoriyanın açılması oldu. Çox mürəkkəb, bahalı avadanlıqları olan və yüksək peşəkarlıq tələb edən bu laboratoriyanın əhalinin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyəti var. O, həm zəhərlənmə hallarının araşdırılması üçün lazımdır, həm də toksiki materialların gələcəkdə sağlamlığa vura biləcəyi zərərin profilaktikası baxımından böyük önəm daşıyır".

O.Şirəliyev onu da qeyd edib ki, vətəndaşların sağlamlığının qorunması sahəsində əhəmiyyətli hadisələrdən biri də əhalinin kütləvi dispanserizasiyası olub: "Üç ay ərzində ölkə üzrə 5,4 milyon nəfər müxtəlif müayinələrdən keçirilib. Bu tədbir xəstəliklərin erkən mərhələdə aşkarlanması və vaxtında müalicəyə cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Şübhə yoxdur ki, biz yaxın gələcəkdə onun sağlamlıq göstəricilərinə müsbət təsirinin şahidi olacağıq".

Son xəbərlər

Orphus sistemi