TURKOVAC-ın Azərbaycanda 3-cü fazada klinik sınaqları başlayır.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi bildirib.
Məlumata görə, Türkiyə Səhiyyə İnstitutları Rəyasət Heyəti (TSQİ) sınaqlarla bağlı protokolu imzalamaq üçün Bakıya gələcək. TSQİ ilə Bakı Sağlamlıq Mərkəzi arasında protokol martın 9-da imzalanacaq. Bundan sonra klinik tədqiqatlara başlanacaq.
TSQİ başçısı professor Erhan Akdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Türkiyə Peyvənd İnstitutunun prezidenti professor Ateş Kara, Layihə İdarəetmə və Dəstək Şöbəsinin başçısı Batuhan Yeşilyurt daxildir.
TURKOVAC-ın Türkiyədən xaricdə ilk sınağı Azərbaycanda reallaşacaq.
Kliniki sınaqda iki doza peyvənd olunan Azərbaycan vətəndaşları, üçüncü doza üçün TURKOVAC peyvəndini seçə biləcəklər. Tədqiqatda 18-59 yaş arasında, peyvəndin 2-ci dozasından sonra ən az 90, maksimum isə 270 gün keçmiş və əvvəl xəstəlik keçirməyən vətəndaşlar iştirak edə bilər.
Rəvan Əziz