Türkdilli dövlətlər koronavirusa qarşı mübarizə ilə bağlı razılıq əldə edib

Türkdilli dövlətlər koronavirusa qarşı mübarizə ilə bağlı razılıq əldə edib Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv ölkələrinin səhiyyə sektorlarının rəhbərləri onlayn görüşdə iştirak edib.
Sağlamlıq
291
28 Aprel , 2020 17:23
Türkdilli dövlətlər koronavirusa qarşı mübarizə ilə bağlı razılıq əldə edib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv ölkələrinin səhiyyə sektorlarının rəhbərləri onlayn görüşdə iştirak edib.

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosu direktoru Hans Klüqe, Qazaxıstan Respublikasının səhiyyə naziri Eljan Birtanov, Qırğızıstan Respublikasının səhiyyə naziri Sabirjan Abdikarimov, Türkiyə Cümhuriyyətinin səhiyyə naziri Fahrettin Koca, Özbəkistan Respublikası səhiyyə naziri Aleşer Şadmanov və Macarıstanın Dövlət səhiyyə katibi (müşahidəçi ölkə) Zoltan Lourens fikir mübadiləsi aparıb. 

Müzakirələr zamanı hər bir nümayəndə öz ölkəsində COVID-19 pandemiyası üzrə sanitar-epidemioloji vəziyyət, səhiyyə infrastrukturu, diaqnostika və müalicə, karantin tədbirləri və digər məsələlər ətrafında çıxış edib.

Onlayn iclasa yekun olaraq Türk Şurasının Sammitində qəbul edilən bəyannamənin müddəalarının yerinə yetirilməsinə dair aşağıdakı qərarlar qəbul edilib:

1. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlıq qurulsun və Tərəflərin ekspertlərindən ibarət Birgə İşçi Qrup yaradılsın;

2. COVID-19 pandemiyası və digər təhlükəli infeksiyalara qarşı mübarizədə profilaktika, diaqnostika, müalicə, epidemioloji nəzarət, elmi araşdırmalar sahəsində məlumat və təcrübə mübadiləsi genişləndirilsin;

3. COVID-19 və digər təhlükəli infeksiyalar üzrə əməkdaşlıq və koordinasiyanın genişləndirilməsi məqsədi ilə üzv/müşahidəçi dövlətlərin aidiyyati nazirliklərinin ekspertlərindən ibarət Xüsusi Əməkdaşlıq Mexanizmi yaradılsın və onun fəaliyyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi vasitəsilə tənzimlənsin;

4. Pandemiyalar zamanı xəstəxanaların idarəedilməsi, laborator diaqnostika və həyati dəstək əhəmiyyətli tibbi avadanlıqlar ilə bağlı ehtiyacların qiymətləndilməsi, eləcə də ixtisaslı tibb mütəxəssislərindən ibarət qrupların yaradılmasına dair əməkdaşlıq və təcrübə mübadiləsi aparılsın;

5. Təhlükəli infeksiyaların müalicə və profilaktikasında yeni metodların, o cümlədən müvafiq vaksin, farmakoloji məhsulların və müalicə sxemlərinin hazırlanması sahəsində birgə əməkdaşlıq inkişaf etdirilsin;

6. COVID-19 və digər təhlükəli infeksiyalar üzrə tibb mütəxəssisləri üçün bilik və bacarıqların inkişafı proqramlarının tətbiqi, eləcə də onlayn-təlimlər təşkil edilsin.

Sonda görüşün iştirakçıları COVID-19 ilə mübarizə üçün birgə tədbirlərin hazırlanması və əlaqələndirilməsi məqsədilə gələcəkdə də belə görüşlər keçirməyə hazır olduqlarını bildiriblər. 

Son xəbərlər

Orphus sistemi