Tibbi tullantılarla bağlı xəstəxanaların monitorinq planı hazırlanıb.
“Report” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov parlamentdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə məlumat verib.
Onun sözlərinə görə, tibbi tullantılarla bağlı 70 tibb müəssisəsində monitorinqlər davam edəcək: "Tibb müəssisələrinin tibbi tullantılarla bağlı uçotun yaxşılaşdırılması və elektronlaşdırılması istiqamətində işlərə başlanılıb. Yaradılan İşçi Qrupun yanında alt işçi qrupu da yaradılıb, tələblərə dəyişiklik edilməsi ilə bağlı yeni layihə hazırlanıb. Maarifləndirmə tədbirləri çərçivəsində ilkin mərhələdə 3000-ə yaxın tibb müəssisəsinə məlumat xarakterli posterlər yerləşdiriləcək”.
Şöbə müdiri bildirib ki, əvvəlki illərə nisbətən tullantıların idarəolunmasında müəyyən irəliləyişlərə nail olunsa da, Bakı və regionlarda uçot və hesabatlılıq aparılmır, problemlətr hələ də qalır: “Tibbi tullantıların müəssisə daxilində zərərsizləşdirilməsi ilə bağlı xüsusi otaqlar ayrılsa da, müəyyən tələblərə uyğun həyata keçirilmir. Hətta bəzən tullantılar açıq şəkildə saxlanılır, yaxud xüsusi torbalar olsa da, bəzən çeşidlənmədə problem olur. Həmçinin tullantıların yaranma həcmində 2-3 dəfə artım qeydə alınıb. Təəssüf ki, regionlarda hələ də tibbi tullantılar məişət tullantıları ilə birlikdə basdırılır”.