"Qida təhlükəsizliyi əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır. Qidaların keyfiyyətli və təhlükəsiz olması qida ilə əlaqəli xəstəlik hallarının yayılmasının qarşısını almış olur, səhiyyə sistemini mümkün təhdidlərdən qoruyur".
"Report" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev “Avropa və Mərkəzi Asiyada Qida Standartlarının Təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, həssas əhali qrupları arasında qida təhlükəsizliyi barədə məlumatlılıq səviyyəsinin artırılması üçün maarifləndirmə və təşviqat tədbirlərinin keçirilməsi zəruri hesab olunur: "Bu baxımdan, Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi arasında fəal əməkdaşlıq aparılır. Xüsusilə də məktəblilər arasında düzgün qidalanmanın təşviqinə dair tədbirlər həyata keçirilir".