Bakının Zuğulba qəsəbəsində mənzərəli və olduqca böyük bir ərazidə tərk edilmiş sanatoriya binası yerləşir. Gindes adına Uşaq Sümük-Vərəm Sanatoriyasının əvvəlki binası olan bu tikili 1914-cü ildə istifadəyə verilib. Həmin illərdə sanatoriya Zuğulbada işləyən ailələrin övladları üçün fəaliyyət göstərib.
Memarlıq baxımından fərqli üslubda inşa edilən sanatoriyanın tarixi də çox maraqlıdır. Belə ki, sanatoriyanı Bakıda fəaliyyət göstərən və o zamanlar məşhur olan uşaq həkimi, professor Yevsey Yakovleviç Gindes vərəm xəstəliyindən vəfat edən oğlunun xatirəsi üçün tikdirib.
Yəhudiəsilli həkim Azərbaycan Xalq Cümhuriyyətinin səhiyyə naziri olub. Tanınmış dövlət xadimi, həmçinin Azərbaycanda müasir pediatriya elminin banisi də hesab olunur.
Tarixi mənbələrə əsasən, 1911-ci ildə Azərbaycanda fəaliyyət göstərən “Uşaq Ölümünə Qarşı Mübarizə Cəmiyyəti” adlı xeyriyyə təşkilatı uşaqlar arasında vərəm xəstəliyinin yayılması barədə həyəcan təbili çalıb. O zaman cəmiyyətin sədri olan Y.Gindesin təşəbbüsü ilə Bakı yaxınlığında ixtisaslaşmış uşaq sanatoriyası yaradılmasının vacibliyi bildirilib.
Doktor Gindes o dövrdə “Kaspi” qəzetində yazdığı məqalələrdə vərəm xəstəliyinin xüsusilə uşaqlar üçün ciddi təhlükəyə çevrildiyini, qarşısının alınmasının vacibliyini qeyd edib. Gindes təkid edirdi ki, sanatoriyanı məhz Bakı ətrafında açmaq lazımdır, burada müalicə üçün ideal şərait var idi: dəniz, günəş, qum, yağışın az olması, üzüm bağları və s. Professorun fikrincə, müalicə prosesində uşaqların valideynlərinin yanında olması da müsbət rol oynaya bilərdi. Beləliklə, Yevsey Yakovleviç Gindesin səylərindən, uzun mücadiləsindən sonra Zuğulbada Uşaq Sümük-Vərəm sanatoriyası açılır.
XX əsrin əvvəlində fəaliyyət göstərən qəzet və jurnallarda sanatoriya haqqında məqalələrdə qeyd edilir ki, kifayət qədər ciddi müalicə rejimi olan müəssisədə xəstə uşaqlar bütün günlərini açıq havada və ya açıq terraslarda keçirirmişlər. Sanatoriya rejiminə görə, yalnız müstəsna hallarda həkimin göstərişinə əsasən onlar palatalarda qala biliblər.
Sonradan Gindes adına Uşaq-Vərəm Sanatoriyası müasir standartlara cavab vermədiyinə görə, 2022-ci ildə yeni binaya köçürülüb və açılışı baş tutub. Hazırda sanatoriya Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası adlanır.
"Report"un reportyor qrupu olaraq sanatoriyanın köhnə, artıq iki ildən çoxdur tərk edilmiş vəziyyətdə qalan binasına baş çəkdik.
Bir əsrdən çox yaşı olmasına rəğmən, çox sağlam və zövqlə inşa edildiyi elə binaya ayaq basan kimi hiss olunur.
Xarabalığa çevrilsə də, sanatoriyanın divarlarında uşaqlara aid izlər, onların yapışdırdığı işarələr qalmaqdadır. Hətta nə qədər çətin də olsa, binanın zirzəmisinə endikdə burada tibbə aid kitablar, uşaq əşyaları, ayaqqabı və pal-paltar qalıqlarını gördük.
Tikilinin həyətində qoyulmuş ana və uşaq heykəlləri də baxımsızlıqdan demək olar ki, dağılmaq üzrədir.
Ətrafdakı insanlarla söhbətimiz zamanı binanın qəzalı vəziyyətdə olduğunu və söküləcəyi haqqında şayiələr dolaşdığını öyrəndik.
Sanatoriyanın köhnə binasının taleyi haqqında Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən bildirildi ki, bu məsələ artıq qurumun səlahiyyətində deyil.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən isə sorğumuza cavab olaraq qeyd edildi ki, sanatoriyanın tərk edilmiş binası hazırda daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyil. Amma tikilinin tarixi və memarlıq əhəmiyyətinin müəyyən edilməsi üçün oraya baxış keçiriləcək.
Ümid edirik ki, XX əsrin əvvəllərinə aid sanatoriyanın xüsusi üslubda tikilən tarixi binası tarixə qovuşmayacaq və sanatoriyanın ən azı bərpa edilərək yenidən istifadəsi mümkün olacaq.