Heydər Əliyev prospektində baş verən qəza ilə bağlı araşdırma aparılır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən "Report"a verilən xəbərə görə, Nəcəfov Anar Şahmar oğlu idarə etdiyi "BYD" markalı 77-UY-524 dövlət qeydiyyat nişanlı avtomobillə Ələsgər Qayıbov küçəsi ilə hərəkətdə olan zaman idarəetməni itirərək körpüdən aşıb və hərəkətdə olan 99-JN-288 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində iki avtomobilə maddi ziyan dəyib və "BYD" markalı avtomobilin sürücüsü Anar Nəcəfov xəsarət alıb.
Faktla bağlı Nizami rayon Polis Şöbəsində araşdırma aparılır.
Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Sabunçu Tibb Mərkəzinə aprelin 10-da saat 15:10 radələrində 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü qadına zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
1974-cü il təvəllüdlü kişiyə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.