SN: “Qızılca peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklərdən biridir"

SN: “Qızılca peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklərdən biridir" Afət xanım, ilk öncə bilmək istərdik ki, qızılca virusu insan orqanizmi üçün nə qədər təhlükəlidir və xəstəliyə necə yoluxurlar? Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun infeksionisti Afət Əkbərova
Sağlamlıq
15 Dekabr , 2023 13:57
SN: “Qızılca peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklərdən biridir

Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun infeksionisti Afət Əkbərova qızılcanın peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklərdən biri olduğunu bildirib.

"Report" xəbər verir ki, o, qızılcaya yoluxanlar arasında ən həssas kontingentin məktəbəqədər və məktəb yaşlı uşaqlar olduğunu deyib: "Xəstəliyin törədicisi mühitdə davamsız olduğuna baxmayaraq (təqribən 2 saat ərzində məhv olur), yoluxma hava-damcı yolu ilə baş verir. Xəstəliyi keçirməyən və peyvənd olunmayan şəxslərin qızılcaya yoluxma ehtimalı 95-96% təşkil edirsə, bunun əksi olaraq 2 doza peyvənd alanlarda orqanizmdə yaranmış anticisimlər uzun müddət virusa qarşı qoruyuculuğu təmin edir. Azərbaycanda tətbiq olunan və Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən 3 komponentli “QPM” vaksini qızılca ilə yanaşı, parotit və məxmərək kimi virus mənşəli xəstəliklərə qarşı olan bir peyvənddir. Təəssüf ki, bəzi valideynlərin müxtəlif səbəblərdən immunlaşmadan imtina etməsi halları qızılca xəstəliyinin artmasına gətirib çıxarır".

İnfeksionist qeyd edib ki, xəstə insan onunla təmasda olanlar üçün kataral (qripə bənzər simptomlar olan) dövrün sonunda və səpgilərin göründüyü ilk günlər yoluxucudur:

"Bu, həmin dövrdə virusun qanda maksimal konsentrasiyası ilə əlaqəlidir. Səpgilərin üçüncü günündən virusun miqdarı azalır. Yoluxuculuq qabiliyyəti aşağı düşdüyü andan qanda anticisimlər əmələ gəlməyə başlayır, nəticədə xəstəlik keçirən insanlarda bütün həyatı boyu davam edəcək immunitet yaranır. Beləliklə də təkrar yoluxma halları cəmi 0,5 - 1,0% təşkil edə bilir".

Afət Əkbərova bildirib ki, qızılca peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklərdən biridir. Aktiv immunizasiya yolu ilə bu xəstəlikdən, eləcə də onun fəsadlarından qorunmaq mümkündür:

"Virus tənəffüs yollarını və mədə-bağırsaq traktını zədələdiyi üçün fəsadlar bu sistemlərə daxil olan orqanlarda özünü büruzə verə bilər. Belə ki, seroz meningit, meninqoensefalit, sinusit, laringit, traxeobronxit, otit, yevstaxit, pnevmoniya və s. ağırlaşmaların yaranmasında ikincili bakterial infeksiyanın qoşulması da öz rolunu göstərir. Bu fəsadların rast gəlmə faizi risk qrupuna aid olan şəxslərdə xüsusilə yüksəkdir.

Özünüzdə və ya yaxınlarınızda xəstəliyin hər hansı bir simptomlarını müşahidə etdiyiniz təqdirdə, digərlərindən təcrid olunmaq, gigiyena qaydalarına, düzgün qidalanmaya, yataq rejiminə riayət etmək və həkim nəzarəti altında olmaq tövsiyə edilir. Qızılca xəstəsi ilə təmasda olduqda isə, 72 saat ərzində peyvənd və ya təmasın 5-ci günündən gec olmayaraq insan immunoqlobulinin yeridilməsi məsləhət olunur. Qeyd edim ki, qızılca peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklərdən biridir. Aktiv immunizasiya yolu ilə bu xəstəlikdən, eləcə də onun fəsadlarından qorunmaq mümkündür".

İnfeksionist A.Əkbərova valideynləri özlərinin və uşaqlarının sağlamlığı ilə son dərəcə diqqətli olmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi