Aparılan araşdırmalar zamanı bir sıra media səhifələrində Şəmkirdə müxtəlif vaxtlarda dönər qəbul etmiş şəxslərin zəhərlənmələri ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmayıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən zərərçəkənlərə “dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit və kolit” diaqnozu qoyulmuş və hazırda xəstələrin ambulator yardım alaraq evə buraxıldığı məlum olub. Həmçinin, Agentliyin mütəxəssisləri tərəfindən bu istiqamətində araşdırmalar davam etdirilir və araşdırmaların nəticəsi barədə məlumat veriləcək.
"Əlavə olaraq qeyd edək ki, vətəndaşlar zəhərlənmə halları ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməli, media vasitələri isə bu cür xəbərləri yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə məlumatı dəqiqləşdirməlidir", - məlumatda vurğulanıb.
TƏBİB Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.
TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, fevralın 12-də Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsi ilə 4 müraciət, fevralın 13-də isə 5 müraciət daxil olmaqla ümumilikdə 9 nəfər gətirilib.
Qeyd olunub ki, onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək, ambulator müalicə üçün evə buraxılıb, vəziyyətləri qənaətbəxşdir.
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub.
"Report"un Qərb bürosunun məlumatına görə, 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il təvəllüdlü İ.Məmmədova, 2020-ci il təvəllüdlü R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədova yedikləri dönərdən zəhərləniblər.
Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Zərərçəkənlər fevralın 13-də Şəmkir şəhərində dönərxanalardan birindən aldıqları dönəri yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.
Zəhərlənən şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.