Səhiyyə Nazirliyi xarici ölkələrdə klinik ordinatura və internatura təhsili alan bir qrup həkimin etiraz aksiyasına münasibət bildirilib.
Nazirlikdən "Report"a verilən məlumata görə, qurumun nümayəndələri həmin şəxsləri qəbul edib, onların müraciətləri dinlənilib.
"Müraciət həmin həkimlərin aldıqları klinik ordinatura və internatura təhsilinə əsasən tibb fəaliyyəti ilə məşğul olmalarına icazə verilməsi ilə bağlı olub. Bildirilib ki, Səhiyyə Nazirliyi məsələnin tənzimlənməsi üçün normativ hüquqi akt layihəsi hazırlayıb və razılaşdırılması üçün Təhsil Nazirliyinə təqdim edib. Müraciət edən həkimləri prosesin gedişatı ilə mütəmadi olaraq məlumatlandırmaq üçün əlaqə nömrələri götürülüb. Hər bir mərhələ barədə onlarla əlaqə saxlanılacaq", - nazirlikdən qeyd olunub.
Qeyd edək ki, xaricdə təhsil almış bir qrup həkim martın 30-da Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.