Səhiyyə Nazirliyi: Nikaha daxil olmaq istəyən 94 400 nəfər müayinədən keçib

Səhiyyə Nazirliyi: Nikaha daxil olmaq istəyən 94 400 nəfər müayinədən keçib Keçən ay nikaha daxil olmaq istəyən 1 nəfərdə QİÇS aşkar olunub
Sağlamlıq
9 Fevral , 2016 10:47
Səhiyyə Nazirliyi: Nikaha daxil olmaq istəyən 94 400 nəfər müayinədən keçib

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan bu ilin fevral ayının əvvəlinə qədər müayinədən 94 400 nəfər keçib.

Bu barədə "Report"a Səhiyyə Nazirliyi mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yanvar ayı ərzində 9 800 nəfər tibbi müayinədən keçib. Yanvar ayında müayinələrdən keçən 246 nəfərin talassemiya daşıyıcılığı, 22 nəfərdə sifilis, 1 nəfərdə isə QİÇS aşkar olunub.

Xatırladaq ki, ötən il müayinələrdən keçən 84 600 nəfərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. Keçən il müayinədən keçən 5534 nəfərdə talassemiya daşıyıcılığı, 239 nəfərdə sifilis, 54 nəfərdə isə QİÇS aşkar olunub.

Qeyd edək ki, Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2015-ci ilin iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarını təsdiqləyib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyinin müəyyən etdiyi dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Son xəbərlər

Orphus sistemi