Azərbaycanda tibbin sürətli və texnoloji inkişafı tibbi tullantıların həcminin artmasına gətirib çıxarıb.
“Report” xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Milli Məclisdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da tibbi tullantıların idarəolunmasına diqqət artıb: “COVID-19 pandemiyasından sonra təhlükəli tibbi tullantılarla bağlı müəyyən tədbirlər görülüb.
Tullantıların idarəolunması mövcud tələblərlə əsasən tənzimlənir və iki əsas mərhələdən (müəssisədaxili və müəssisəxarici) ibarətdir. Xəstəxanaların tullantılarının heç də hamısı təhlükəli deyil. Təhlükəsiz və təhlükəli tullantıların ayrı formada zərərsizləşdirilməsi fərqli məsrəf tələb edir. Çeşidlənmə də məhz bunun üçündür. Tullantıların xəstəxanadan xaric edilərək zərərsizləşdirilməsinə gəlincə, daşınmanı ancaq lisenziyası olan şirkətlər edə bilər. Nəqliyyat vasitələri başqa məqsədlər üçün istifadə edilə bilməz”.
Nazir müavini söyləyib ki, Azərbaycanda tibbi tullantıların idarəolunması sahəsində həqiqətən də problemlər mövcuddur: “Problemlərin araşdırılması və vəziyyətin yaxşılaşdırılmasına yönələn təkliflərin verilməsi üçün bu ilin noyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü ilə İşçi qrup yaradılıb”.