Azərbaycanda uşaqların peyvəndlənməsi ilə bağlı yeni qaydalar hazırlanıb

Azərbaycanda uşaqların peyvəndlənməsi ilə bağlı yeni qaydalar hazırlanıb Astanada keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.
Sağlamlıq
24 Oktyabr , 2023 14:46
Azərbaycanda uşaqların peyvəndlənməsi ilə bağlı yeni qaydalar hazırlanıb

Astanada keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.

"Report" xəbər verir ki, görüşdə Teymur Musayev ÜST ilə sıx əməkdaşlığa böyük önəm verildiyini diqqətə çatdırıb və ötən müddət ərzində təşkilatın Azərbaycana göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib.

“Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə səhiyyəsində həyata keçirilən köklü islahatlar nəticəsində bu sahənin yeni müasir konsepsiyalara uyğun modernləşdirilməsi, rəqəmsallaşdırma, uğurlu beynəlxalq təcrübədən istifadə, ilkin səhiyyənin və tibb təhsilinin inkişafı, uşaqların peyvəndlənməsi istiqamətlərində bir çox mühüm işlər həyata keçirilib, yeni qanunvericilik sənədləri hazırlanıb”, - nazir vurğulayıb.

İşğaldan azad edilmiş ərazilərdə səhiyyə sisteminin yenidən qurulmasına başlandığını deyən Teymur Musayev bildirib: “Qarabağda yaşayan əhalinin müayinə və müalicəsi artıq dövlətimiz tərəfindən qarşılanır. Ötən ay həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində mülki əhaliyə zərər dəyməyib, yalnız legitim hərbi infrastruktur hədəfə alınıb”.

Həmçinin, nazir BMT-nin nümayəndələrinin Azərbaycanın Qarabağ regionuna səfəri çərçivəsində mövcud vəziyyətin müsbət qarşıladığını qeyd edib: “Həmin bölgədə yaşayan əhali dərhal qida və dərman preparatları ilə təmin edilib. Xankəndində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və zərər çəkmiş şəxslərə təcili tibbi yardımın göstərilməsi təşkil edilib”.

Teymur Musayev bildirib ki, Azərbaycan dünyada ən çox mina ilə çirklənmiş ölkələr sırasındadır: “Azərbaycanın Ermənistan tərəfindən minalanmış ərazilərində mülki şəxslər bu gün də həyatlarını və sağlamlıqlarını itirirlər. Dövlətimizin minalardan təmizlənməsi üzrə atdığı bir çox addımlara baxmayaraq Ermənistan 30 il ərzində yerləşdirdiyi minaları təmizləmək uzun bir prosesdir”.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru cənab Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib.

Həmçinin, bu yaxınlarda təşkilatın Avropa Regional direktoru Hans Henri Klüqenin Azərbaycana səfərinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Eyni zamanda, Azərbaycanın Qarabağ regionu haqqında ətraflı məlumata və bu bölgədə yaşayan insanların sağlamlığının qorunması sahəsində görülən işlərə görə təşəkkürünü çatdırıb.

Tedros Adhanom Qebreyesus xüsusən, Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyini, pandemiya dövründə ölkəmizin Təşkilata etdiyi humanitar yardımları, eyni zamanda xəstəliyin aradan qaldırılması məqsədilə ölkələri birgə əməkdaşlığa səsləyən qlobal çağırışları yüksək qiymətləndirib. O, ÜST-nin Azərbaycan səhiyyəsində aparılan islahatları müsbət qarsalandığını və dəstəklədiyini vurğulayıb.

Sonda tərəflər arasında Təşkilatın səhiyyə böhranlarına hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi, akademik fəaliyyətin genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi