"Dünyanın əksər ölkələri ilə yanaşı Azərbaycanda da COVID-19-a qarşı vaksinasiyaya başlanılıb. Səyahət etmək istəyi olan insanlar yaxşı olardı ki, öncədən vaksin vurdursunlar".
Bunu "Report"a açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyib.
O bildirib ki, vətəndaşların səyahətə çıxmamışdan bir neçə gün əvvəl vaksin vurdurmaları yaxşı olar:
"Bunun üçün ölkədə bütün imkanlar yaradılıb. Səyahət arzusunda olanlar nəzərə alsınlar ki, irəlidə yaz və yay mövsümü gəlir. Bu aylar da turizm üçün yüksək mövsüm hesab olunur. Məncə, səhayət planları quranların indidən vaksinasiya olmaları arzuolunandır. Bilirik ki, səyahətə gedərkən uçuşdan 48 saat əvvəl PZR testi verilməsi tələbi var. Bu testin neqativ nəticəsi olmadan sərhəddi keçmək olmur. Digər tərəfdən ləğv edilmiş aviareyslər bərpa olunmaqdadır. Bir çox ölkələr öz qapılarını bütün ölkələrə olmasa da, bəzilərinə açıb".
S.Dübəndi hesab edir ki, bir çox aviareyslərin bərpa edilməsi yaxşılığa doğru addımlardır: "İnsanların səyahət imkanları genişlənəcək, amma məhdudiyyət və tələblər qalmaqdadır. O cümlədən, vaksin və PZR testlərinin tələb olunması bir müddət qalacaq. Düşünmürəm ki, yaxın zamanlarda əvvəlki illərdəki kimi beynəlxalq və dövlətlərarası turizm kütləvi şəkildə bərpa ediləcək. Amma daxili sıçrayışlı turizm fəaliyyəti olacaq. Buna da ciddi hazırlaşmaq lazımdır".
Qeyd edək ki, sosial şəbəkələrdə və mətbuatda yaxın zamanlarda səyahət etmək istəyənlərdən vaksin pasportunun tələb olunacağı ilə bağlı iddialar səsləndirilir.