RİİB-in dəstəyi ilə onkoloji xəstəliklərlə bağlı pulsuz tibbi müayinə keçirilib

RİİB-in dəstəyi ilə onkoloji xəstəliklərlə bağlı pulsuz tibbi müayinə keçirilib Tibbi müayinələrin ölkənin digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulur
Sağlamlıq
11 İyul , 2017 11:45
RİİB-in dəstəyi ilə onkoloji xəstəliklərlə bağlı pulsuz tibbi müayinə keçirilib

Bakı. 11 iyul REPORT.AZ Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin həkim briqadası iyulun 3-dən 7-dək Beyləqan və Ağcabədi rayonlarında onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə pulsuz tibbi müayinələr təşkil edib.

Bu barədə "Report"a Heydər Əliyev Fondundan məlumat verilib. 

“Erkən müayinə, Sağlam həyat” devizi ilə aparılan aksiya Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə həyata keçirilib. Müayinələri Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimlinin başçılıq etdiyi 14 nəfərlik həkim briqadası aparıb.

RİİB nümayəndələri və könüllüləri Beyləqan və Ağcabədi rayonları, o cümlədən Ağcabədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tibbi müayinələrə ehtiyacı olan şəxslərlə fərdi görüşlər keçirib və onların layihədə iştirakını təşkil ediblər.

Layihə müddətində Ağcabədi və Beyləqan rayonları üzrə 1500-ə yaxın sakin qalxanabənzər vəzi, boyun şişləri, ultrasəs, abdominal onkoloji, döşqəfəsinin rentgenoskopiyası, süd vəzlərinin mammoqrafiyası və digər müayinələrdən keçib.

Müayinələr müasir tibbi-texniki avadanlıq və vasitələrlə təchiz olunmuş Səyyar Diaqnostik Kompleksdə, həmçinin, Ağcabədi Mərkəzi Xəstəxanası tərəfindən aparılıb.

Müayinələr zamanı bir sıra şəxslərdə şişönü və şiş xəstəlikləri aşkar olunub, bu xəstəlik riski olanlar tam müayinələrdən keçmək və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib, digər patologiya aşkar olunan xəstələr müvafiq profilli xəstəxanalara göndərilib, eləcə də yerində məsləhətlər verilib.

Layihənin məqsədi skrininq, şişönü və şiş xəstəliklərini erkən müayinədə aşkar edərək vaxtında dəqiq müayinə və müalicəsini aparmaqdır.

Tibbi müayinələrin ölkənin digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinə bölgələrdən səhiyyə ilə bağlı müxtəlif problemlərin, o cümlədən onkoloji xəstəliklərin müayinə və müalicəsinə kömək göstərilməsi ilə bağlı müraciətlər daxil olur. Onların təhlili nəticəsində RİİB mütəmadi olaraq regionlarda səhiyyə ilə bağlı müxtəlif layihələr, o cümlədən pulsuz tibbi müayinələr təşkil edir.  

Son xəbərlər

Orphus sistemi