“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və İsrail Dövlətinin ölkəmizdəki səfiri Corc Dik arasında görüş keçirilib.
"Report" xəbər verir ki, Ramin Bayramlı qonaqları salamlayaraq dövlətlərimiz arasında mövcud olan dərin köklərə malik dostluq münasibətlərinin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
R.Bayramlı Vətən müharibəsi zamanı göstərilən siyasi dəstəyə, həmçinin COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində qəbul edilən metodiki və humanitar tibbi yardıma görə İsrail dövlətinə olan dərin minnətdarlığını Corc Dikə çatdırıb.
Eyni zamanda İdarə Heyətinin sədri Azərbaycanda səhiyyə sahəsində görülən ümumi işlər, ölkədəki epidemik şəraitin son vəziyyəti və vaksinasiya prosesindəki irəliləyişlə bağlı səfiri məlumatlandıraraq pandemiya ilə mübarizədə İsrailin səhiyyə sahəsində təcrübələrinin əhəmiyyətindən danışıb.
C.Dik göstərilən ehtiram və qonaqpərvərlik üçün TƏBİB rəhbərliyinə təşəkkürünü bildirərək, öz növbəsində, dostluq və qarşılıqlı əməkdaşlıqdan məmnunluq duyduğunu ifadə edib. Səfir İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərinə səfəri haqqında öz təəssüratlarını bölüşərək vəziyyətlə bağlı təəssüf hissi keçirdiyini bildirib.
Görüşün sonunda hər iki tərəf səhiyyə sahəsində ölkələrarası münasibətlərin daha da dərinləşməsi və şaxələnməsi istiqamətində qarşılıqlı əməkdaşlığın genişləndiriləcəyinə əminlik ifadə edib.