Qubada yeni tibb məntəqəsi inşa olunub

Qubada yeni tibb məntəqəsi inşa olunub Quba rayonunun Talabıqışlaq kəndində tibb məntəqəsi inşa olunub.
Sağlamlıq
26 Dekabr , 2022 12:48
Qubada yeni tibb məntəqəsi inşa olunub

Quba rayonunun Talabıqışlaq kəndində tibb məntəqəsi inşa olunub.

"Report"un Şimal bürosu xəbər verir ki, səhiyyə müəssisəsi Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə tikilib.

Tibb məntəqəsinin açılış mərasimində rayon rəhbərliyi, Yaponiyanın səfiri Vada Cuniçi, TƏBİB-in İcraçı direktorunun müavinləri Anar İsrafilov və Araz Nəsirov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə qeyd edilib ki, kəndlərdə belə məntəqələrin tikilməsinə xüsusi ehtiyac var. Bildirilib ki, Yaponiya-Azərbaycan dostluğunun bariz nümunəsi olaraq tikilən bu həkim məntəqəsi qonşu kəndlərin sakinlərinə də xidmət göstərəcək.

Çıxış edən V.Cuniçi deyib ki, Yaponiya Hökuməti Azərbaycanın davamlı inkişafına yönəlmiş əməkdaşlığa böyük əhəmiyyət verir. Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə imzalanmış "Quba rayonunun Talabıqışlaq kəndində tibb məntəqəsinin tikintisi” layihəsinin uğurla icra edilməsindən söz açan səfir görülmüş işləri yüksək qiymətləndirib.

O, vurğulayıb ki, bu layihə Yaponiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq hədiyyəsi kimi yapon xalqından qrand yardımı əsasında reallaşıb. Yapon xalqından Quba sakinlərinə hədiyyə kimi dəyərləndirib.

Vada Cuniçi Azərbaycan ilə Yaponiya dövləti arasında mövcud olan dostluq, sosial-iqtisadi, elm, təhsil, səhiyyə sahəsindəki əlaqələrdən danışıb, gələcəkdə də bu əlaqələrin qorunub saxlanılması və daha da möhkəmləndirilməsinə böyük ehtiyac olduğunu bildirib.

Tədbirdə qeyd olunub ki, Talabıqışlaq kəndində inşa olunmuş bu məntəqənin ümumilikdə 5200 sakinə xidmət göstərəcək.

Qeyd edək ki, Talabı, Talabıqışlaq, Xaroşa və Küçeyi kəndlərinin sakinlərinə tibbi xidmət göstərəcək 6 otaqdan ibarət məntəqə müasir tibbi avadanlıqlarla təchiz olunub. Həkim, tibb bacısı, yataq və peyvənd otaqlarında zəruri tibbi ləvazimatlar qoyulub, ilkin tibbi yardım göstərilməsi üçün hər cür şərait yaradılıb.

Son xəbərlər

Orphus sistemi