Qida əlavələrinə dair tələblər müəyyənləşib.
"Report"un əldə etdiyi məlumata görə, yeni tələblər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təsdiqlədiyi “Qida əlavələrinə dair sanitariya norma və qaydaları”nda öz əksini tapıb.
Yeni qaydalara əsasən, qida əlavələri mövcud elmi sübutlara əsaslanaraq müəyyən edilmiş maksimum istifadə miqdarı insan sağlamlığı üçün təhlükə yaratmamalı, iqtisadi və texnoloji yolla tətbiq edilə biləcək başqa üsullarla həyata keçirilə bilməyən mütləq texnoloji ehtiyacı qarşılamalı və qida məhsulunun istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçını aldatmamalıdır.
Bundan başqa, qida əlavələri qida məhsullarında aşağıda sadalanan bir və ya bir neçə məqsəd üçün istifadə edilir:
- qida məhsulunun qidalılıq dəyərinin qorunması;
- xüsusi təyinatlı qida məhsullarında zəruri inqrediyentləri təmin etməsi;
- qida məhsulunun təbii xüsusiyyətlərini, tərkibini və keyfiyyətini istehlakçıları çaşdıracaq dərəcədə dəyişdirməməsi şərtilə, onun keyfiyyəti və yararlılığının saxlanılmasının təmin edilməsi və ya orqanoleptik xüsusiyyətlərini yaxşılaşdırması.
Həmçinin qida məhsulunun qidalılıq dəyərini azaldan qida əlavələrinin yalnız aşağıdakı hallarda istifadəsi mümkündür:
- qida əlavəsinin əlavə edildiyi qida məhsulu gündəlik rasionun əhəmiyyətli hissəsini ehtiva edən məhsul deyilsə;
- xüsusi təyinatlı qida məhsulunun emalı zamanı əlavə edilməsi zəruri hesab edilirsə.
- Şirinləşdirici qida əlavələri yalnız bu Qaydaların 3.2-ci bəndində göstərilən tələblərdən biri və ya bir neçəsinə cavab verməsi şərtilə aşağıdakı məqsədlərdən biri və ya bir neçəsinə nail olmaq üçün qida məhsullarına əlavə edilir:
- enerji dəyəri azaldılmış qida məhsullarını, kariogen olmayan (dişdə karies əmələ gətirməyən) qida məhsullarını və ya şəkər əlavəsiz qida məhsullarını hazırlamaq üçün şəkərin əvəz edilməsi;
- qida məhsullarının yararlılıq müddətini artırmaq üçün şəkərin əvəz edilməsi;
- xüsusi təyinatlı qida məhsullarının hazırlanması.
- Rəngləyici xüsusiyyətə malik qida əlavələri yalnız bu Qaydaların 3.2-ci bəndində göstərilən tələblərdən biri və ya bir neçəsinə cavab verməsi şərtilə aşağıdakı məqsədlərdən biri və ya bir neçəsinə nail olmaq üçün qida məhsuluna əlavə edilir:
- emal, saxlanma, qablaşdırma və paylanma şəraiti səbəbindən rəng dəyişikliyinə məruz qalan qida məhsulunun ilkin görünüşünün bərpa edilməsi;
- qida məhsulunun görünüş baxımından daha cəlb edici göstərilməsi;
- rəngsiz qida məhsuluna rəng verilməsi.