Qeyri-iş günlərində Bakıda təcili tibbi yardımın göstərilməsində gecikmələr olub

Qeyri-iş günlərində Bakıda təcili tibbi yardımın göstərilməsində gecikmələr olub "Stansiyaya gün ərzində 2100-2150-yə qədər çağırış daxil olub ki, bu da təxminən 10-12 faiz artım deməkdir"
Sağlamlıq
29 Mart , 2015 12:10
Qeyri-iş günlərində Bakıda təcili tibbi yardımın göstərilməsində gecikmələr olub

Bakı. 29 mart. REPORT.AZ/ "Qeyri-iş günlərində (9 gün ərzində) Səhiyyə Nazirliyinin Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində 2100-2150-ə qədər çağırış daxil olub ki, bu da təxminən 10-12 faiz artım deməkdir". Bu barədə "Report"a Stansiyanın baş həkim müavini Oqtay Şahmalıyev deyib.

Onun sözlərinə görə, istirahət günlərində çağırışların çox olması səbəbindən müəyyən gecikmələr olub: "Bayram günlərində ambulator poliklinika sistemi işləmədiyindən, çağırışların sayında artıq artım müşahidə edildi. Müraciətlər əsasən yuxarı tənəffüs yollarının iltihabı, yol-nəqliyyat hadisələri, məişət tramvaları, ürək qan-damar xəstəlikləri ilə əlaqədar olub. Bundan başqa, xroniki xəstəliklərlə bağlı da çağırışlarımız çox oldu. Halbuki onlar poliklinikalara müraciət edən xəstələr idi".

Həmin xəstələrin "Təcili tibbi yardım"a müraciət etmələrinin müəyyən gecikmələrə səbəb olduğunu deyən O. Şahmalıyev bildirib ki, gün ərzində 135-140 briqada çağırışa gedir: "Bir saat ərzində o qədər sayda çağırış olsa, o zaman bütün çağırışlar vaxtında yerinə yetirilir. Lakin gün ərzində çağırışlar nəzərdə tutulan saydan artıq olsa, deməli, gecikmələrin olması başadüşüləndir. Təbii ki, adi günlərdə bu qədər çağırış olmur. Lakin bayram və ya digər istirahət günlərində 1 saat ərzində daxil olan müraciətlərin sayı 150-160-dan çox olduğundan həkim briqadalarını çatdırmaq çətin məsələdir".

O, həmçinin qeyd edib ki, xəstələr əslində "Təcili tibbi yardım"a sağlamlığında anidən baş verən dəyişikliklərlə bağlı müraciət etməlidirlər: "Misal olaraq, qəfildən insult, infarkt, qan axmalar, tramvalar, yanıqlar, qıc olmalar və digər müxtəlif məişət və yol nəqliyyat hadisələri zamanı alınan tramvalar, zəhərlənmələr zamanı tibbi yardıma müraciət edilməlidir. Təəssüf ki, bizdə belə deyil. Baş ağrısı, az dərəcəli temperatur, təyin olunmuş proseduranı məsləhətləşmək və ya hansısa iynəni vurmaq üçün "Təcili tibbi yardım"a müraciətlərin çox olması əsas xəstəliklərlə bağlı gecikmələrə səbəb olur. Bu istiqamətdə nə qədər təbliğat aparılsa da, insanlar poliklinikaya az müraciət edirlər". 

Son xəbərlər

Orphus sistemi