Pandemiya nə vaxt bitəcək? - ÜST rəsmiləri aydınlıq gətirir

Pandemiya nə vaxt bitəcək? - ÜST rəsmiləri aydınlıq gətirir ÜST-ün Azərbaycandakı Nümayəndəsi Hande Harmancı və qurumun Avropa üzrə regional direktoru Hans Henri P. Kluge koronavirus pandemiyasının nə vaxt bitməsi ilə bağlı məsələyə aydınlıq gətiriblər.
Sağlamlıq
3 Avqust , 2021 09:31
Pandemiya nə vaxt bitəcək? - ÜST rəsmiləri aydınlıq gətirir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəsi Hande Harmancı və qurumun Avropa üzrə regional direktoru Hans Henri P. Kluge koronavirus pandemiyasının nə vaxt bitməsi ilə bağlı məsələyə aydınlıq gətiriblər.

ÜST rəsmilərinin "Report"a təqdim etdiyi məqaləni diqqətinizə çatdırırıq:

Yay fəslində olsaq da, pandemiya hələ də bizimlədir. Pandemiya yorğunluğu psixi sağlamlığımıza mənfi təsir göstərib. Çətin bir dövrdən keçdikdən sonra insanların rahatlıq əldə etmək istəyi təbii bir haldır. Keçən yay da biz bu vəziyyətdə idik. Məhdudiyyətlər çox tez bir zamanda götürüldükdən sonra region üzrə yoluxma və ölüm hallarının sayının kəskin şəkildə artmasının şahidi olduq və bu da yenidən qapanmaya səbəb oldu. İndi, bir ildən sonra səhiyyə sistemlərimiz, təhsilimiz, dolanışığımız, iqtisadiyyatımız, fiziki və psixi sağlamlığımız üzərində bu qədər təzyiqlərdən sonra eyni səhvi edə bilmərik.

Peyvəndləmə Avropa regionu üzrə sürətlə davam etsə də, yüksək sürətlə ötürülən ştammların sirkulyasiya etdiyi bu dövrdə əhalinin əksəriyyəti hələ də peyvənd olunmamış qalır. Eyni zamanda, ictimai səhiyyə və sosial tədbirlərə riayət olunmaması COVID-19-a yoluxma hallarının artmasına gətirib çıxarır, peyvəndləmə nisbətinin aşağı olduğu yerlərdə, xüsusən də həssas qruplar arasında xəstəxanaya yerləşdirmə, səhiyyə sistemlərinin yüklənməsi və insan itkisi ilə nəticələnir.

Hande Harmancı
Hande Harmancı

Bu il insanların yay fəslini ən yaxşı şəkildə keçirməsini istəməklə yanaşı, yay fəslinin hamı üçün daha təhlükəsiz olmasına, daha çox insanın xəstələnməsinin və ölməsinin qarşısını almağa və bu pandemiyaya bir an öncə son qoymağa çağırırıq. Bunu bir neçə yolla edə bilərik: birincisi, tam peyvənd olunun. İkincisi, səyahət etmək istəyirsinizsə, bunun sizin üçün nə qədər zəruri olduğunu bir daha nəzərdən keçirin. Səyahət etmək qərarına gəlsəniz, bunu təhlükəsiz şəkildə edin.

Təhlükəsiz səyahət evdən çıxdığımız andan etibarən təyinat nöqtəsinə çatana qədər COVID-19-a nə qədər məruz qalmağımızı ölçmək deməkdir. Hər kəs özünün risk meneceri olmalı, riskləri qiymətləndirməli və hər addımda fiziki məsafəni saxlamaq, kütləvi məkanlardan çəkinmək və maska ​​taxmaq kimi qoruyucu tədbirləri tətbiq etməlidir.

Bunlardan çəkinin: qapalı, dar və izdihamlı məkanlar. Açıq havada və ya yaxşı havalandırılmış məkanlarda insanlarla görüşməyimiz özümüzü virusdan qorumağa kömək edir və virusa yoluxma ehtimalını azaldır. Tədbirlər zamanı ictimai səhiyyə və sosial tədbirləri gücləndirərək, böyük idman tədbirlərinin və festivalların virusun yayılmasına səbəb olan hadisələrə çevrilməsinin qarşısını almaq vacibdir.

Peyvəndlər artıq öz təsirini göstərir və hətta xəstəxanaya yerləşdirmə, ölüm hallarının sayının və səhiyyə sisteminə təzyiqin azalmasını vəd edir. Milyonlarla peyvəndin ən böyük risk altında olan insanlara çatdırılması lazımdır, onların çoxu hələ də peyvəndin birinci dozasını gözləyirlər. Əgər biz xəstəxanaya yerləşdirmə və ölüm hallarının sayında azalma görməyə davam etmək istəyiriksə, səhiyyə işçiləri, yaşlılar və yanaşı xəstəliyi olan insanların peyvəndlərə əlçatanlığını təmin etməliyik.

Hans Henri P. Kluge
Hans Henri P. Kluge

Hazırda, Avropa bölgəsinin əhalisinin 42.7%-i birinci doza qəbul edib, 31.3% isə tam peyvəndlənib. Məlumatlar aydındır – pandemiya bitməyib, hətta yüksək peyvəndləmə dərəcəsinə malik ölkələrdə belə. Regionda peyvəndlərin qeyri-bərabər bölgüsü bizim ən böyük problemlərimizdən biri olaraq qalır. Virusun daha sürətlə yayılan Delta ştamı yoluxma və xəstəxanaya yerləşdirmə hallarının artmasına səbəb olur. Buna görə yayılmanın qarşısını almaq və həyatlar xilas etmək, ictimai səhiyyə və sosial tədbirləri yerli kontekstə uyğunlaşdırmaq, sürətli və bərabər peyvəndləmə üçün əlimizdə olan imkanlardan istifadə etmək vacibdir.

ÜST-nin fövqəladə hallarda istifadə siyahısında olan bütün peyvəndlər təhlükəsizdir və hazırda mövcud olan ştammlar da daxil olmaqla, COVID-19-dan ağır xəstələnmənin qarşısının alınmasında effektivdir. Bizdən tez-tez soruşurlar ki, bu pandemiya nə vaxt bitəcək? Qısa cavab odur ki, bu, sizdən asılıdır. Bu, fərdlərdən və hökumətlərdən asılıdır. Nələrin işə yaradığını bilirik; sübutumuz var. Ümid var. Özünüzü və digər insanları qorumaq pandemiyanı nəzarət altına almaq və tədricən sona çatdırmaq üçün çox vacibdir. Uzun yol qət etmişik və çətinliklərə davam gətirmişik. İndi ehtiyatı əldən verə bilmərik".

Son xəbərlər

Orphus sistemi