Keçən il Azərbaycanda dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə dövlət büdcəsindən 116,1 milyon manat vəsait yönəldilib.
“Report” xəbər verir ki, bu, “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.
Qeyd olunub ki, bu göstərici 2022-ci illə müqayisədə 22 milyon manat və ya 23,4 faiz çoxdur.
Hesabat dövründə sosialyönlü xərclərə aid olan əməyin ödənişi xərclərinə 8130,1 milyon manat (2022-ci illə müqayisədə 664,3 milyon manat və ya 8,9 faiz çox), sosial ödənişlər üzrə xərclərə 4396,4 milyon manat (2022-ci illə müqayisədə 845,8 milyon manat və ya 23,8 faiz çox), ərzaq məhsullarının alınması və təminatı üzrə xərclərə 407,8 milyon manat vəsait yönəldilib.
Ümumilikdə məcmu olaraq sosialyönlü xərclər 2023-cü il dövlət büdcəsi xərclərinin 35,8 faizini və ya 13050,4 milyon manatını təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 1473,4 milyon manat və 12,7 faiz çoxdur.
Son 5 ildə, yəni 2019-cu illə müqayisədə 2023-cü ildə sosialyönlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4 faiz-bənd, mütləq ifadədə isə 5289,1 milyon manat və ya 1,7 dəfə artıb.