Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində aparılan yoxlamalar nəticəsində fəaliyyətinlərində nöqsanlar aşkarlanan çoxsaylı aptek şəbəkələrinin məsul şəxsləri ilə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində görüş keçirilib.
Bu barədə "Report"a mərkəzdən məlumat verilib.
Görüşdə apteklərdə rast gəlinən nöqsanların aradan qaldırılması, mövcud qanunvericiliyin tələblərinin təbliğ olunması, əczaçılıq sahəsində sahibkarlara maarifləndirici dəstək mövzuları ətrafında müzakirələr aparılıb.
Xüsusilə, lisenziyasız aptek fəaliyyətinin, apteklərdə qeydiyyatsız dərman satışının, sertifikasiyadan keçməmiş əczaçıların işə götürülməsinin qanunvericiliklə yol verilməməsinin, eləcə də digər pozuntulara görə İnzibati Xətalar Məcəlləsi üzrə cərimələrin və cinayət məsuliyyətinin nəzərdə tutulduğu bir daha aptek şəbəkələrinin nümayəndələrinin diqqətinə çatdırılıb.
Tədbir zamanı sahibkarların sualları cavablandırılıb, problemləri dinlənilib, birgə həll yolları müzakirə edilib.