Nazir tibb kolleclərinin rəhbərlərinə tapşırıqlar verib

Nazir tibb kolleclərinin rəhbərlərinə tapşırıqlar verib Səhiyyə naziri Teymur Musayev tibb kolleclərinin rəhbərlərinə orta tibb təhsilinin müasir standartlara uyğunlaşdırılmasına dair tapşırıqlar verib.
Sağlamlıq
15 Noyabr , 2022 17:08
Nazir tibb kolleclərinin rəhbərlərinə tapşırıqlar verib

Səhiyyə naziri Teymur Musayev tibb kolleclərinin rəhbərlərinə orta tibb təhsilinin müasir standartlara uyğunlaşdırılmasına dair tapşırıqlar verib.

Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Belə ki, nazirlikdə tibb kolleclərinin rəhbərləri ilə görüş keçirilib. İclasda çıxış edən səhiyyə naziri Teymur Musayev Azərbaycanda orta tibb təhsilinin şərəfli tarixə malik olduğunu bildirdi.

Onun sözlərinə görə, respublikanın görkəmli həkim və alimlərinin müxtəlif dövrlərdə çalışdıqları tibb kolleclərinin məzunları səhiyyəmizin inkişafına dəyərli töhfələr veriblər: “Lakin əldə olunan nailiyyətlərlə yanaşı, çətinliklər də mövcuddur və biz bütün diqqətimizi onların həllinə yönəltməliyik. Bizim üçün əsas məsələ - tibb təhsilinin keyfiyyətinin yüksəldilməsi, inkişafının təmin edilməsi və ən əsası savadlı kadrların hazırlanmasıdır. Bu məqsədlə nazirlik respublikanın tibb kolleclərinə hər cür köməklik göstərməyə hazırdır”.

Nazir çıxışında Azərbaycanda səhiyyə sahəsinin maddi-texniki bazasının gücləndirilməsi üçün dövlət səviyyəsində zəruri addımlar atılıdığını vurğulayıb: “Məhz bu dəstəyin nəticəsidir ki, son illərdə ölkəmizdə yüzlərlə tibb müəssisəsi tikilib istifadəyə verilib”.

İlkin səhiyyə xidmətlərinin inkişaf etdirilməsi üçün tibb işçilərinin, xüsusilə tibb bacılarının intensiv təlimlərə cəlb edilməsinin vacibliyini vurğulayan Teymur Musayev Səhiyyə Nazirliyinin təşəbbüsü ilə gələn il Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Simulyasiya və Təlim Mərkəzinin yaradılacağını bildirib: “Simulyasiya və Təlim Mərkəzinin yaradılmasında əsas məqsəd tibb işçilərinin bilik və bacarıqlarının artırılması, eyni zamanda yerli təlimçilərin yetişdirilməsidir”.

Nazir həmçinin ölkədəki tibb kolleclərində mövcud problemlərin monitorinqi üçün işçi qrupunun yaradılacağını vurğuladı: “Bununla yanaşı, tələbələrin intellektual qabiliyyətlərinin inkişafı bizim üçün çox vacibdir. Son onilliklərdə elmi nailiyyətlərə və onların imkanlarına maraq artır. Müasir informasiya texnologiyaları və rəqəmsal yeniliklər həyatımızı əhəmiyyətli dərəcədə dəyişir. Tibb elmi XX əsrin sonundan bəri rəqəmsal dünyaya sürətlə daxil olan ilklərdən biridi. Bütün bunları nəzərə alaraq, yaxın gələcəkdə Vahid Elektron Kitabxana Sistemi yaradılacaq və tibb kolleclərinin tələbə və müəllimlərinin istifadəsinə veriləcək”.

1 nömrəli Bakı Tibb kollecinin direktoru Nailə Əliyeva, 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, həmçinin regional tibb müəssisələrinin rəhbərləri kolleclərin fəaliyyəti, tədris prosesi və tələbələr üçün yaradılan şərait barədə məlumat veriblər.

Sonda Teymur Musayev tibb kolleclərinin rəhbərlərinə orta tibb təhsilinin müasir standartlara uyğunlaşdırılmasına dair tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi