Qidaların keyfiyyətli və təhlükəsiz olması qida ilə əlaqəli xəstəlik hallarının yayılmasının qarşısını alır, eyni zamanda səhiyyə sistemini mümkün təhdidlərdən qoruyur.
"Report" xəbər verir ki, bu fikirləri “Qida nəzarəti sisteminin qiymətləndirilməsi” mövzusunda keçirilən yekun hesabat görüşündə səhiyyə naziri Teymur Musayev səsləndirib.
Onun sözlərinə görə, qida təhlükəsizliyi əhalinin sağlamlığının qorunmasında mühüm rol oynadığından tədricən bu sahə qlobal səviyyədə ictimai səhiyyə mövzusuna çevrilməkdədir.
Nazir əlavə edib ki, son dövrlərdə dünyadakı iqtisadi və ekoloji dəyişikliklər qida patogenlərinin yenidən aktivləşməsinə səbəb olub.
"Tibb müəssisələrində təhlükəsiz qida məhsullarından istifadə xüsusilə mühüm əhəmiyyət daşıyır. Pasiyentlərin əksəriyyəti mikrobioloji və qidalanma riskləri ilə bağlı sağlam insanlardan daha çox həssas olurlar. Bu baxımdan, qida ilə əlaqəli nəzarət tədbirlərinin düzgün şəkildə qurulması Səhiyyə Nazirliyinin diqqətlə yanaşdığı məsələdir", - T.Musayev vurğulayıb.