ABŞ-ın “Moderna” şirkəti tərəfindən hazırlanan koronavirusa qarşı peyvənd sınaqlarının üçüncü mərhələsində 94,5 %-lik effektivlik göstərib.
“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkət Milli Səhiyyə İnstitutunun (NIH) nəzarətində olan Məlumat Təhlükəsizliyi Monitorinq Şurasının (DSMB) mütəxəssislərinin məlumatlarına istinadən məlumat verib.
Şirkətdən verilən məlumata görə, ABŞ-da 30 mindən çox insanın iştirak etdiyi sınaqlar zamanı yalnız 95 nəfər COVID-19-a yoluxub. Eyni zamanda 90 yoluxma halı mRNA-1273 vaksini əvəzinə plasebo vurulmuş nəzarət qrupunun üzəri olub. Həqiqi peyvənd olunanlardan cəmi 5 nəfər yoluxub.
“Moderna”dan bildiriblər ki, sınaq iştirakçılarının əksəriyyətində peyvəndin mənfi təsirləri olmayıb. Vaksinasiyadan sonra inyeksiya yerində əzələ və oynaq ağrılarından, baş ağrısından, dərinin ağrısından və qızartıdan şikayətlənənlərdə isə yan təsirlər uzun sürməyib.
Şirkət artıq yaxın həftələrdə fövqəladə hallarda mRNA-1273 peyvəndindən istifadə edilməsinə icazə verilməsi məqsədilə ABŞ Qida və Dərman Nəzarəti İdarəsinə (FDA) müraciət etməyi planlaşdırır.
“Moderna” 2020-ci ilin sonuna qədər ABŞ əhalisini peyvənd etmək üçün istifadə edilə biləcək 20 milyon doza buraxmağı planlaşdırır. 2021-ci ildə isə şirkətin 500 milyondan 1 milyard dozaya qədər peyvənd istehsal edəcəyi gözlənilir.