Milli Məclisdə "İİV haqqında" qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr keçirilir

Milli Məclisdə "İİV haqqında" qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr keçirilir "Hansısa boşluqlar varsa, onları doldurmaq istəyirik"
Sağlamlıq
4 Dekabr , 2014 12:08
Milli Məclisdə İİV haqqında qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr keçirilir

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Məclisinin (MM) Sosial siyasət komitəsinin iclasında "İnsan immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr keçirilir. "Report" xəbər verir ki, dinləmələr BMT-nin Uşaq Fondunun (UNİCEF) və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) birgə təşkilatçılığı ilə baş tutub.

MM-in Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxışı zamanı deyib ki, parlament tərəfindən qəbul olunan qanunların monitorinqi və bununla bağlı ictimai dinləmələrin təşkil olunması artıq ənənə halını alıb: "Bu, hətta MM-in yeni iş metodlarından biridir. Bu monitorinqlər, ictimai dinləmələr vasitəsi ilə qəbul etdiyimiz qanunların günün reallıqlarına uyğun olduğunu görmək, eyni zamanda, hansısa nöqsanlar varsa, onları müəyyənləşdirmək, hansısa boşluqlar varsa, onları doldurmaq istəyirik. Əslində, burada son məqsəd Azərbaycan əhalisinin sosial müdafiəsini bir az da gücləndirməkdir. Bunun özü də Prezidentin istəyindən və tələbindən irəli gəlir".

O həmçinin qeyd edib ki, zamanında İİV-lə bağlı qanunun qəbulu uzun müddət çəkib: "Biz bu qanunu xeyli müzakirə etdikdən sonra qəbul etdik. Onu da deyim ki, postsovet məkanında ilk olaraq Azərbaycanda belə bir qanun qəbul olunub. Sonradan bu qanuna bəzi əlavələr və dəyişikliklər edilməsi zərurəti ortaya çıxdı. Ancaq biz belə qərara gəldik ki, tam yeniləşdirilmiş qanun layihəsi hazırlayaq və qəbul edək. Məhz belə də oldu. Yeri gəlmişkən xatırladım ki, bu qanun 2010-cu ilin iyun ayının 18-də Avstriyanın paytaxtı Vyana şəhərində 25 min insanın qatıldığı böyük bir tədbirin müzakirəsinə çıxarıldı və o, model qanun kimi bəyənildi".

Dinləmələr mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi