Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinə yoluxma halları baxımından ən təhlükəli ölkələrin adlarını açıqlayıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Təşkilatın fövqəladə hallar proqramının Meymunçiçəyi ilə Mübarizə üzrə Katibliyinin rəhbəri Rosamund Lyuis dünyada bununla bağlı son vəziyyəti qiymətləndirərək, virusun ən çox İspaniyada yayıldığını bildirib. O, Avropanın virusun ən çox yayıldığı region olduğuna diqqəti çəkib. Lyuis indiyədək 3 min 125 yoluxma halının qeydə alındığı İspaniyada vəziyyətin ciddi olduğunu qeyd edib.
O vurğulayıb ki, dünyada meymunçiçəyinə yoluxma sayına görə ABŞ ikinci yerdədir. Birləşmiş Ştatlarda virusa 2 min 316 nəfər yoluxub. Almaniyada bu rəqəm 2 268, Britaniyada 2 137, Fransada 1 453, Niderlandda 712 təşkil edir.
ÜST-ün indiyədək dünya üzrə təsdiq etdiyi 16 mindən çox yoluxma halının 11 mindən çoxunun Avropa ölkələrində olduğunu vurğulayan Lyuis, virusun yayılmasının davam edəcəyi barədə xəbərdarlıq edib.