Böyük Britaniyanın Angliya Raskin Universitetinin (ARU – Anglia Ruskin University) tədqiqatçıları göz iltihabı ilə koronavirus arasında əlaqə olduğunu üzə çıxararaq göz ağrısının koronavirusun mühüm erkən əlaməti olması qənaətinə gəliblər.
“Report” xəbər verir ki, “BMJ Open Ophthalmology”də dərc olunmuş tədqiqatın müəllifləri 83 nəfər koronavirus xəstəsinin iştirakı ilə anket tərtib ediblər. İştirakçıların qeyd etdiyi əlamətlər arasında taqətsizlik cavabların 90 faizində, qızdırma 76 faizində, iy və dad hiss etməmə 70 faizində, quru öskürək 66 faizində göstərilirkən iştirakçıların 81 faizi də ilkin mərhələdə gözlərində narahatlıq olduğunu qeyd ediblər. O cümlədən 18 faizi işığa qarşı həssaslıq, 17 faizi gicişmə, 16 faizi göz ağrısı hiss etdiklərini bildiriblər. Bu əlamətlər iki həftəyədək davam edib.
Araşdırma müəllifləri həm xəstələrin. Həm də həkimlərin gözlə bağlı əlamətlərin COVID-19 üçün səciyyəvi olmadığını düşünərək onlara fikir vermədiklərini qeyd ediblər. Halbuki göz vasitəsilə SARS-CoV-2 virusunun orqanizmə daxil olması ehtimalı tədqiqat mövzusu olmalıdır.