Son bir həftə ərzində dünyada COVID-19-a yoluxma və ölüm halları azalıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir.
Bildirilib ki, sentyabrın 12-dən 18-dək dünyanın bütün regionlarında koronavirusa yoluxma halları azalıb.
ÜST-ün məlumatına əsasən, yoluxmaların sayında ən əhəmiyyətli azalma Afrikada (35 %), Şərqi Aralıq dənizi regionunda (14 %) və Amerikada (12%) müşahidə olunub.
ÜST bildirib ki, bir həftə ərzində dünyada 3,2 milyondan çox yoluxma halı qeydə alınıb.
Koronavirusdan ölüm halları bütün regionlarda azalıb: ölüm hallarında ən çox azalma Şərqi Aralıq dənizi regionunda (46 %), Afrikada (27 %) və Qərbi Sakit okeanda (27 %) qeydə alınıb.
Ümumilikdə, bir həftə ərzində, təxminən, 9,8 min insan koronavirusdan ölüb.
İndiyədək COVID-19-a 613 milyondan çox yoluxma halı qeyd alınıb, koronavirus nəticəsində 6,5 milyondan çox insan ölüb.