Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli 161 nömrəli qərarına əsasən, asimptomatik və yüngül simptomlu xəstələr evdə özünü təcrid şəraitində müşahidədə saxlanılır.
"Report" xəbər verir ki, evdə müşahidə prosesini müvafiq sahə poliklinikaları həyata keçirir.
Rəsmi məlumata görə, 7 may-7 iyun 2020-ci il tarixləri arasında COVID-19 laborator təsdiqlənmiş 1 356 nəfər xəstə aktiv müalicə alıb. Onlardan 264 nəfər ağır xəstə olub. Ağır xəstələr yaş qrupu üzrə aşağıdakı kimidir:
S/S | Yaş qrupu | Say |
1 | 30-40 | 18 |
2 | 41-45 | 11 |
3 | 46-55 | 44 |
4 | 56-65 | 105 |
5 | 65 yuxarı | 86 |
Cəmi: | 264 |
Bu statistik göstəricilər və bir sıra ölkələrin tətbiq etdiyi təcrübəyə əsaslanaraq xəstələrin çeşidlənməsi aşağıdakı kimi aparılacaq:
COVID-19 xəstəliyinə götürülmüş analiz nəticələri pozitiv çıxan bütün şəxslərə dərhal SMS vasitəsilə müvafiq məlumat və evdə məcburi özünü təcridin davam etdirilməsi barədə xəbərdarlıq göndərilir.
0-45 yaş arası xəstələr:
Bu yaş qrupundan olan pozitiv halların çeşidlənməsi müvafiq sahə poliklinikalarının həkimləri tərəfindən telefon vasitəsilə aparılır. Bakı şəhərində çeşidləmə Heydər Əliyev Mərkəzində yerləşən çağrı mərkəzində çalışanlar və Bakı Baş Səhiyyə İdarəsinin burada işləməyə cəlb edilmiş əməkdaşları tərəfindən koordinasiya edilir. Laborator analizlərin pozitiv nəticələri gün ərzində dinamik olaraq proqram təminatı vasitəsilə çağrı mərkəzinə ötürülür. Çağrı mərkəzində müvafiq məsul şəxslər tərəfindən xəstələrin faktiki yaşayış ünvanına uyğun olaraq cavabdeh poliklinika müəyyən edilir. Xəstələrin siyahısı gün ərzində dinamik olaraq müvafiq cavabdeh poliklinikalara göndərilir. Cavabdeh poliklinikalar onlara verilmiş risk şkalasına uyğun olaraq ev telefonu vasitəsilə hər bir xəstə ilə sorğu keçirir. Sorğunun nəticəsinə əsasən, COVID-19 triaj alqoritminə uyğun olaraq xəstənin evdə özünü təcrid şəraitində müşahidədə saxlanılması və ya xüsusi rejimli xəstəxanaya göndərilməsi barədə qərar qəbul edilir. Evdə müşahidədə saxlanılacaq xəstələr müvafiq rəhbərlikdəki metodik tövsiyələrə əsasən poliklinikalar tərəfindən nəzarətdə saxlanılır, müşahidə nəticələri qaydaya uyğun olaraq gündəlik elektron ambulator karta daxil edilir. Xüsusi rejimli xəstəxanaya göndəriləcək xəstələrin siyahısı müvafiq poliklinika tərəfindən təxliyənin koordinasiyası üçün TƏBİB-in müvafiq əməkdaşlarına ötürülür.
46-59 yaş arası xəstələr:
Bu yaş qrupundan olan pozitiv halların çeşidlənməsi Bakı şəhərində və rayonlarda müvafiq xüsusi rejimli xəstəxanalarda aparılır. Laborator analizlərin pozitiv nəticələri gün ərzində dinamik olaraq proqram təminatı vasitəsilə 103/113 TTTY xidmətinə ötürülür. 103/113 TTTY xidmətinin müvafiq stansiyası xəstəni ən yaxın xüsusi rejimli xəstəxanaya gətirir. Xüsusi rejimli xəstəxanada xəstə müvafiq alqoritmə (əlavə olunur) əsasən müayinə olunur. Müayinənin nəticəsinə əsasən, alqoritmə uyğun olaraq xəstənin evdə özünü təcrid şəraitində müşahidədə saxlanılması və ya xüsusi rejimli xəstəxanaya göndərilməsi barədə qərar qəbul edilir. Evdə müşahidədə saxlanılacaq xəstələr 103/113 TTTY vasitəsilə evə göndərilir, müvafiq rəhbərlikdəki metodik tövsiyələrə əsasən poliklinikalar tərəfindən nəzarətdə saxlanılır, müşahidə nəticələri qaydaya uyğun olaraq gündəlik elektron ambulator karta daxil edilir. Xüsusi rejimli xəstəxanaya göndəriləcək xəstələrin siyahısı müayinəni həyata keçirən müvafiq xəstəxana tərəfindən TƏBİB-ə göndərilir. TƏBİB-in müvafiq əməkdaşları bu siyahını analiz edərək xəstənin müayinəsi aparılan xəstəxanada və ya digər xüsusi rejimli xəstəxanada müalicəyə cəlb olunması barədə qərar qəbul edilir. Digər xüsusi rejimli xəstəxanaya göndəriləcək xəstələrin təxliyə prosesi 103/113 TTTY xidməti tərəfindən icra edilir.
60 yaşdan yuxarı xəstələr:
Bu qrup xəstələr 103/113 TTTY xidməti tərəfindən hospitalizasiya üçün birbaşa xüsusi rejimli xəstəxanalara təxliyə edilir.
Qeyd edək ki, yaş qrupundan asılı olmayaraq, xroniki xəstəliyi olan şəxslər TƏBİB-in koordinasiyası ilə 103/113 TTTY xidməti tərəfindən ambulator triaj üçün müvafiq xəstəxanalara təxliyə edilir. COVID-19 xəstəliyinin laborator diaqnozu üçün nümunə götürən 103/113 TTTY xidmət həkimi tərəfindən “Molekulyar Diaqnostika Laboratoriyasına COVİD – 19 göndəriş forması” sənədi dəqiq doldurulmalıdır. Analiz nəticəsi pozitiv çıxan xəstənin faktiki yaşayış ünvanı, sonrakı poliklinik müşahidə üçün dəqiq göstərilməlidir. Analiz götürülən müddətdən etibarən “Evdə müşahidə edilməyə dair iltizam” sənədi imzalanır.