Azsaylı tibbi xidmətlər istisna olmaqla, bütün xəstəliklər icbari tibbi sığorta ilə qarşılanmalıdır.
“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov martın 15-də hökumətin hesabatının parlamentdə müzakirəsi zamanı deyib.
O bildirib ki, insanlar arasında ən çox ölümə səbəb olan patologiyadan biri onkoloji xəstəlikdir: “Bu xəstəliyin icbari tibbi sığorta ilə əhatə olunmaması anlaşılan deyil. Problem dəfələrlə müxtəlif səviyyələrdə müzakirə olunsa da, hələ də müsbət həllini tapmayıb".
Komitə sədri qeyd edib ki, bunun səbəbinin isə onkoloji xəstələrin müalicəsinin yüksək maliyyə tutumu olması izah edilir: "İlk mərhələdə onkoloji xəstələrin bu gün ciddi şəkildə ehtiyac duyduğu şiş əleyhinə dərman vasitələri ilə təminatının icbari tibbi sığorta çərçivəsində qarşılanması mütləqdir. Çünki həmin dərman vasitələri olmadan onkoloji xəstələrin müalicə olunması mümkün deyil”.