TƏBİB tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzin 110 illiyi qeyd olunub.
"Report" xəbər verir ki, tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, millət vəkilləri, tibb müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak edib.
Əsası 1914-cü ildə 8 barakdan ibarət Yoluxucu Xəstəliklər Xəstəxanası kimi qoyulan, hazırda Kliniki Tibbi Mərkəz adı altında fəaliyyət göstərən çoxprofilli xəstəxanada yaradılan müxtəlif şöbələr, icra olunan ağır və nadir əməliyyatlar barədə geniş məlumat verilib.
Z. Əliyev icbari tibbi sığortanın ölkə üzrə tətbiqindən sonra Kliniki Tibbi Mərkəzdə baş verən yeniliklərdən danışıb, tibb müəssisəsinin fəaliyyətini təqdirəlayiq qiymətləndirib: “Paytaxtdakı tibb müəssisələri arasında ən ağır yükü qəbul edən səhiyyə ocaqlarından biri də məhz Kliniki Tibbi Mərkəzdir. İcbari tibbi sığorta sisteminin ölkədə tətbiqində əsas məqsəd əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir. Təsadüfi deyil ki, Kliniki Tibbi Mərkəz bu prosesin gedişatında önəmli yer tutur”.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov isə son illər Kliniki Tibbi Mərkəzin yeni və müasir tibbi avadanlıqlarla təchiz olunduğunu bildirib, gələcək plan və perspektivlərdən söz açıb: “Hazırda Kliniki Tibbi Mərkəzdə 40-a yaxın şöbə fəaliyyət göstərir və bu şöbələrin sayı gündən-günə artmaqdadır. Cari ilin sonuna qədər burada Angioqrafiya şöbəsinin yaradılması və növbəti ildən etibarən Ürək Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulub”.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı və digər şəxslər də çıxış edərək, bir əsrdən artıq yaşı olan Kliniki Tibbi Mərkəzin fəaliyyətini yüksək qiymətləndirib, ölkə səhiyyəsinə verdiyi töhfələrdən danışıblar.
Daha sonra arxiv məlumatları əsasında hazırlanmış tibb ocağının 110 illiyinə həsr edilən film nümayiş etdirilib.
Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov çıxışında son illər tibb müəssisəsində baş verən islahatlar, görülən işlər və əldə olunan uğurlu nəticələr barədə məlumat verib: “Keçən il icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrində stasionara qəbul olunan 454 868 min pasiyentin 36 mindən çoxu bu Mərkəzdə tibbi xidmət alıb. Bu, təxminən 8% deməkdir. Eyni dövr ərzində ümumilikdə ölkə üzrə dövlət tibb müəssisələrində icra olunan 191 569 cərrahi əməliyyatın 15 959-u və ya 8,3%-i məhz Kliniki Tibbi Mərkəzin payına düşüb. Bura həm planlı, həm də təcili əməliyyatlar daxildir. Amma biz bununla kifayətlənmirik, hesab edirəm ki, gələcəkdə daha böyük uğurlara imza atmaq potensialımız var”.
Tədbirin sonunda Azərbaycan səhiyyəsi tarixində ilk dəfə çap edilmiş Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərovun “Təcili tibb” kitabının təqdimatı və imzalanma mərasimi də keçirilib.