Kənan Yusif-zadə: “Ciddi bir lüğət yazmaq fikri 15 il əvvəl yarandı” - MÜSAHİBƏ

Kənan Yusif-zadə: “Ciddi bir lüğət yazmaq fikri 15 il əvvəl yarandı” - MÜSAHİBƏ Tibb elmləri doktoru və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hərbi Hospitalın rəisi, əməkdar həkim, bir çox beynəlxalq tibbi qurumların üzvü Kənan Yusif-zadə müəllifi olduğu “Hərbi-tibbi terminlərin izahlı lüğəti” kitabının yaranma tarixçəsindən “Report”a danışıb.
Sağlamlıq
20 May , 2019 10:00
Kənan Yusif-zadə: “Ciddi bir lüğət yazmaq fikri 15 il əvvəl yarandı” - MÜSAHİBƏ

Tibb elmləri doktoru və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hərbi Hospitalın rəisi, əməkdar həkim, bir çox beynəlxalq tibbi qurumların üzvü Kənan Yusif-zadə müəllifi olduğu “Hərbi-tibbi terminlərin izahlı lüğəti” kitabının yaranma tarixçəsindən “Report”a danışıb.

- Azərbaycanda “Hərbi-tibbi terminlərin izahlı lüğəti”nə ehtiyac yarandığını necə hiss etdiniz? Bu barədə çoxdan düşünürdünüz yoxsa ideya birdən yarandı?

- Hələ tələbəlik illərində Tibb Universitetində oxuyarkən bizə ilk kursdan latın dili dərsləri keçilirdi. O vaxtdan tibb terminləri məni çox cəlb elədi. Bu səbəbdən də, mən sırf tibbi latın dili deyil, eyni zamanda danışıq, yazı və eşitmə latın dili dərslərini də mənimsədim. O gündən termin və sözlərə olan məhəbbətim artdı.

Hər yeni termin eşitdiyimdə, gördüyümdə onları tələbəlik və sonrakı ixtisas rezidentura, doktorantura illərində kənara qeyd edirdim. Lakin ciddi bir lüğət yazmaq fikri 15 il əvvəl yarandı. 2007-ci ildən etibarən peşəkarcasına lüğət tərtib etməyə, toplamağa başladım.

- Dilimizə yeni sözlər müxtəlif yerlərdən daxil olur. Bəs tibb elmi dili daha çox hansı dillərdən təsirlənir?

- Köhnə tibb dili olan yunan dili artıq tarixə qovuşub, latın dili isə diaqnozun qoyulması və müxtəlif reseptlərin yazılmasında hələ də istifadə edilir. Dilimizə nüfuz edən terminlər ingilis dilindən daha çox gəlir, çünki bütün dünya beynəlxalq tibb dili olaraq ingilis dilini qəbul edib.

- Çoxsaylı kitab müəllifisiniz, lakin lüğət yaratmaq daha çox əmək və vaxt sərf edilən işdir. Bu kitabı hazırlayarkən əvvəldən təsəvvür etmədiyiniz hansı çətinliklə rastlaşdınız?

- Ümumiyyətlə kitab yazmaq çox mürəkkəb məsələdir, hətta ixtisas üzrə kitab yazmaq daha çətindir, çünki istənilən məlumat elmi mənbəyə istinadla yazılmalı, dürüst olmalıdır. Tibbi terminlərin çoxu Azərbaycan dilinə əcnəbi dillərdən gəlir, bir qədər sonra öz həyatını yaşamağa başlayır. Lüğət yaradılarkən tibbi terminlər əlifba sırasıyla toplanmalıdır, bu elə də asan iş deyil. Daha sonra terminlərin əsası, izahı, hansı mənalarda işləndiyi araşdırılmalıdır. Hər sözün üzərində xeyli düşünürdüm. Bir çox yerli mütəxəssislərlə dəyirmi masalar, müzakirələr, diskussiyalar aparırdım və hansı məqamda hansı sözlərin istifadə edildiyini dəqiqləşdirirdim. Yalnız ondan sonra bu terminin lüğətə alınmasına qərar verilirdi.

Nəşriyyat seçimində çox çətinlik yarandı. Bildiyiniz kimi hər lüğət kitabının sonunda A-Z-ə qədər bir əlifba göstəricisi olmalıdır, çünki sözün tapılmasını oxucuya rahatlaşdırır. Bunu tərtib eləmək asan başa gəlmədi. Azərbaycanda bu proqramın olmadığının, əllə yığıldığının şahidi olmuşam və nəşriyyat çox böyük əziyyət çəkib. Bizim kitabda 25 minə yaxın tibbi termin var, söz sayı çox olduğuna görə daha incə vərəqlərdə çap olunması tələb olunurdu. Azərbaycan nəşriyyatında 55 qramdan yüngül vərəq yoxdur və bu vərəqlər də üst-üstə toplandıqda kitab çox qalın alınır. Oxucuya isə bu kitabın incə və əldə daşınan olması vacibdir.

- Terminlər elmin, texnologiyanın inkişaf etdiyi ölkələrdə yaranır, oradan yayılır. Ölkəmizdə hər hansı bir yeni terminlərin yaranması baş verirmi?

- Tibbi terminlər qədim əsrlərdən bu günə qədər çox dəyişməyib. Xəstəliklər, insan anatomiyası, fiziologiyası, keçirdiyi hallar yaxın keçmişdəkindən çox fərqlənmir. Əksər terminlər texnologiyanın inkişafı və tibb avadanlığın istehsalı ilə meydana gəlib.

Mən Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında çalışarkən kollektivimizlə birlikdə bir neçə yeni halı müşahidə elədik. Bu halları tibbi termin adı altında topladıq, məsələn, “sərhədçi yuxusuzluğu” və “sərhədçi simptomu” termini lüğətə daxil edildi.

- Tibb elmi inkişaf etdikcə yeni sözlərə ehtiyac artır. Lüğətin gələcəkdə yenilənməsi və genişləndirilməsini nəzərdə tutmusunuzmu?

- Lüğət bir il üçün hazırlanmır, uzun müddətdə istifadə üçün hazırlanır və daim yenilənməlidir. İlk lüğət buraxıldıqdan sonra biz prosesi dayandırmadıq. Beynəlxalq konfranslarda iştirak edərkən yeni terminlə qarşılaşsaq, Azərbaycan dilində əksi olmayan anlayışın bizim coğrafi məkanda istifadəsinin mümkünlüyünü nəzərdən keçiririk. Bu sözləri toplayırıq, yetərli qədər söz varsa, 2-3 ildən sonra yeni nəşr buraxıla bilər. Adətən 10 ildən bir yeni lüğət tərtib olunur.

Lüğətin tərtib olunması çoxşaxəli prosesdir və bir sahənin mütəxəssisi bütün istiqamətləri əhatə edə bilməz. Bunun üçün digər peşəkarlarla daimi müzakirələr aparılmalıdır. Lüğət tərtibçisi gərək dil daşıyıcısı olsun. Mən rus, ingilis, türk və Azərbaycan dillərinin kifayət qədər mükəmməl bilirəm. Bu biliklər həmin dillərdən sözləri toplayıb Azərbaycan dilində izahlı mənalarını göstərməyə yardımçı oldu. Əlbəttə heç bir zaman lüğət tam mənada mükəmməl ola bilməz. Lüğətin tərtibatında geniş oxucu kütləsinə müraciət etmək, onlardan müsbət və ya tənqidi rəy almaq lazımdır. Söz istifadə edildikcə yaşayır, bir sıra köhnə sözlər də lüğətdə əksini tapıb.

Lüğətin tərtibatında 200-dən artıq kitab nəzərdən keçirilib. Bunlardan 100-ə yaxını yüz yaşını aşmış kitablar olub. Lüğətdə istifadəsinə, verilən mənalarına görə latın və yunan transkripsiyaları mövcudluğuna görə tapılıb verilmişdi. Yeni müasir sözlərdə elə bir qayda yoxdur ki, mütləq latın əksini tapsın, amma ingilis əsası var. Biz lüğəti ingilis əsasını vermədik, Azərbaycan dilinin danışıq tərzinə uyğun vermişik.

Düşünürəm, bu lüğətin elektron versiyasının, smartfonlarda istifadə edilmək üçün mobil əlavəsinin də yaradılması yerinə düşərdi.

Son xəbərlər

Orphus sistemi