Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) media-tur təşkil edilib.
"Report" xəbər verir ki, media-tur çərçivəsində AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev jurnalistlərlə görüşüb.
Ə.Nəbiyev onlara İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.
Həmçinin media nümayəndələri ölkədə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və əldə olunan nailiyyətlər barədə məlumatlandırılıb. İnstitutun laboratoriyalarında çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb.
Daha sonra AQTİ-nin peşəkar mütəxəssisi tərəfindən media nümayəndələrinə “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib. Bildirilib ki, İnstitutun mütəxəssisləri tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün mütəmadi olaraq bu mövzuda təlimlər təşkil edilir. “Qida təhlükəsizliyi haqqında” qanuna uyğun olaraq keçirilən təlimlər iştirakçılara müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil edilməsi üçün zəruri məlumatlar vermək məqsədilə keçirilir.
Təlimlərdə sahibkarlıq subyektlərinin əməkdaşları “Qida təhlükəsizliyi haqqında” qanun və bu qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırılır. İştirakçılara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilir. Təlimlərin sonunda müzakirələr aparılır və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilir.
Həmçinin vurğulanıb ki, qanunvericiliyə əsasən, qida subyektlərində qida ilə təmasda olan əməkdaşların gigiyenik təlimlərə cəlb olunmaması Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən monitorinq və yoxlamalar zamanı uyğunsuzluq kimi qiymətləndirilir. Bu baxımdan da sahibkarlıq subyektlərinin əməkdaşlarının bu təlimlərdə iştirak etməsi zəruridir.
Təlimdən sonra media nümayəndələri AQTİ-nin Nümunə Qəbulu Məntəqəsinə və Kompleks Tədqiqatlar Laboratoriyasına baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlarda olub, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olublar.
Media-turun sonunda AQTİ-nin İdarə Heyətinin sədri jurnalistlərə “Qida sahəsində gigiyena tələbləri” mövzusunda keçirilən təlimdə iştiraklarına görə sertifikatlar təqdim edib.