Təyyar Eyvazov: "İmmun sistemini məqsədyönlü şəkildə "gücləndirməyə" ehtiyac yoxdur"

Təyyar Eyvazov: "İmmun sistemini məqsədyönlü şəkildə "gücləndirməyə" ehtiyac yoxdur" "Sağlam bir bədən immunitetin balanslaşdırılmış işləməsini təmin edir. Bir insanın immun sistemində hansısa qüsur müəyyən olunmayıbsa, təkrarlanan uzun müddətli bakterial, virus infeksiyaları və ya ağır yanaşı patologiyalar yoxdursa, onu məqsədyönlü şəkil
Sağlamlıq
1 Mart , 2022 12:07
Təyyar Eyvazov: İmmun sistemini məqsədyönlü şəkildə gücləndirməyə ehtiyac yoxdur
Təyyar Eyvazov

"Sağlam bir bədən immunitetin balanslaşdırılmış işləməsini təmin edir. Bir insanın immun sistemində hansısa qüsur müəyyən olunmayıbsa, təkrarlanan uzun müddətli bakterial, virus infeksiyaları və ya ağır yanaşı patologiyalar yoxdursa, onu məqsədyönlü şəkildə "gücləndirməyə" ehtiyac yoxdur".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, immmunitet anadangəlmə (qeyri-spesifik) və qazanılmış olur: "İmmunitetin çatışmazlığı müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. İmmun sistemi gücləndirə bilən sehrli həblər, dərmanlar yoxdur. Müəyyən bir infeksiyaya qarşı immunitet yaratmaq üçün peyvəndləmə aparılır, immun çatışmazlıqlarda immunitetin çatışmayan həlqəsini bərpa etmək üçün isə əvəzedici terapiya aparılır. Yalnız müəyyən xəstə qrupları immunoloji müayinədən sonra bu vasitələrdən istifadə etməlidirlər. Qəfil xəstəlmək heç də "immunitetin azalması" demək deyil. Bu, bədənin qoruyucu xüsusiyyətlərinin zəiflədiyini göstərir. Bununla məşğul olmaq lazımdır, lakin immunitetlə hər şey qaydasındadır. Bəzən biz səhvən tez-tez baş verən kəskin respirator virus infeksiyalarını (KRVI) immunitet sistemindəki pozuntular kimi qəbul edirik. Məsələn, tez-tez xəstələnən uşaqlar ildə 4-6 dəfədən çox müxtəlif respirator infeksiyaları keçirirlər. Məsələn, uşaq bağçasına gedən balacalar ilk günlərdən digər uşaqların florası ilə qarşılıqlı əlaqədə olur və xəstələnirlər. Bu, patologiya deyil. Belə vəziyyətdə immunmodulyatorların qəbulu infeksiyanın dövrü alovlanması ilə müşaiyət olunan yarımkəskin mərhələyə keçir".

T.Eyvazov əlavə edib ki, sağlam insanın immun sisteminə müdaxiləyə ehtiyac yoxdur: "Onun normal işləməsi üçün şərait yaratmaq lazımdır. Məsləhət görərdim ki, immun sistemin normal səviyyədə işləməsinə kömək edəcək bəzi amillərə diqqət yetirəsiniz. İlk olaraq peyvənd cədvəlinə, o cümlədən illik qrip peyvəndinə laqeyd yanaşmayın. Həmçinin, qida elementlərinin, vitaminlərin və mikroelementlərin miqdarı və tərkibinə diqqət yetirin. Normal gecə yuxusu vacibdir, çünki bu zaman yeni immun hüceyrələr əmələ gəlir. İmmun sisteminin zəifləməsinin səbəblərindən biri də stressdir. Orqanizmin müqavimətini tənzimləmək üçün immun, sinir və hormonal sistemlərimiz daimi qarşılıqlı əlaqədə işləyir. Özünüzü yaxşı fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Qan dövranı immun sistem hüceyrələrinin bədənimizin bütün guşələrinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan verir. İstənilən yoluxucu xəstəlikləri vaxtında və tam şəkildə müalicə edin. Əhalinin vaksinasiya prosesində fəal iştirakı kütləvi immunitetin əldə edilməsinə səbəb olur".

Son xəbərlər

Orphus sistemi