Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.
Bu barədə "Report"a Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edək ki, Zaur Əliyevin rəhbərlik etdiyi Agentlik tərəfindən İkinci Qarabağ müharibəsi dövründə cəbhə bölgəsindəki tibb müəssisələri operativ şəkildə tam hazır vəziyyətə gətirilmişdir. Tibb müəssisələri bütün lazımi tibbi avadanlıq, tibbi sərf və dərman preparatları ilə təmin edilmişdir. Tibb müəssisələrində Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribat nəticəsində zərərçəkmiş mülki əhali və hərbi qulluqçulara vaxtında lazımi tibbi xidmətlər göstərilmişdir. Yüksəkixtisaslı həkimlər zərərçəkmişlərin müalicə və müayinəsi məqsədilə cəbhə bölgəsindəki tibb müəssisələrinə ezam olunmuşlar.
Məlumat üçün bildirək ki, sözügedən medal ilə Azərbaycan Respublikası ilə hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdikləri xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər.