Bu ilin avqust ayından bəri ölkədə icbari tibbi sığorta çərçivəsində icra edilmiş orqan transplantasiyası əməliyyatlarının sayı böyrək, qaraciyər və sümük iliyi üzrə müvafiq olaraq 21, 15 və 1 olub.
"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.
Agentlik rəsmisi xatırladıb ki, qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib: "Bu transplantasiya əməliyyatları zamanı dərman təchizatı Xidmətlər Zərfi ilə təminata alınıb. Transplantasiya üçün bir canlı donorun əməliyyata hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir".
Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi bu ilin avqust ayında yenilənərək tibbi xidmət sayı 3 315-ə çatdırılıb. Sayı artırılan tibbi xidmətlər ixtisaslaşdırılmış ambulator, laboratoriya, invaziv radioloji və stasionar tibbi xidmətlərdir. Yeni xidmətlər sırasına vətər, əzələ köçürülməsi, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub.