İslamiada keçirilən günlərdə təcili tibbi yardıma 152 nəfər müraciət edib

İslamiada keçirilən günlərdə təcili tibbi yardıma 152 nəfər müraciət edib Oyunların bu gün keçiriləcək bağlanış mərasimi üçün 20 həkim briqadası ayrılıb
Sağlamlıq
22 May , 2017 10:41
İslamiada keçirilən günlərdə təcili tibbi yardıma 152 nəfər müraciət edib
Report

Bakı. 22 may. REPORT.AZ/ “IV İslam Həmrəyliyi Oyunları keçirilən günlərdə - mayın 12-dən 21-nə qədər təcili tibbi yardıma ümumilikdə 152 nəfər müricət edib”.

Bunu "Report"a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlər üzrə baş həkimin müavini Murad Mirzəzadə deyib.

Onun sözlərinə görə, müraciət edənlərdən 103 nəfəri yerli, 49 nəfəri isə əcnəbi vətəndaşlar olub: "Yerli vətəndaşlardan 25 nəfəri, əcnəbilərdən isə 19 nəfəri xəstəxanaya yerləşdirilib. Oyunlar üçün ümumilikdə 45 həkim briqadası ayrılmışdı.

Diaqnozlara gəlincə, ya idmançının oyun zədəsi olub, yaxud kiminsə təzyiqi qalxıb və ya düşüb, eləsi də var ki, qızdırması olub. Yaxud da sadəcə həyəcan keçirib. Lakin ciddi diaqnoz qeydə alınmayıb".

M.Mirzəzadə qeyd edib ki, Oyunların bu gün keçiriləcək bağlanış mərasimi üçün 20 həkim briqadası ayrılıb. Həkim briqadaları Bakı Olimpiya Stadionunda olacaqlar.

Qeyd edək ki, Oyunlar keçirilən günlərdə yarış iştirakçılarına və qonaqlara keyfiyyətli tibbi yardımın göstərilməsi məqsədi ilə iki tibb müəssisəsi - 1 saylı Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi ayrılıb.

Son xəbərlər

Orphus sistemi