Psixoterapevt: "İnsanlar psixotrop dərmanların asılılıq yaradacağından çəkinirlər və müalicə almaq istəmirlər"

Psixoterapevt: "İnsanlar psixotrop dərmanların asılılıq yaradacağından çəkinirlər və müalicə almaq istəmirlər" "Psixi pozuntuları dərmanla müalicə etmədikdə xroniki hala keçə bilər"
Sağlamlıq
23 Noyabr , 2016 14:19
Psixoterapevt: İnsanlar psixotrop dərmanların asılılıq yaradacağından çəkinirlər və müalicə almaq istəmirlər

Bakı. 21 noyabr. REPORT.AZ/ "Azərbaycanda psixoterapiyaya ehtiyacı olan insanların, ailələrin sayı həddindən artıq çoxdur. Onların mütəxəssislərə müraciət etməsi üçün maarifləndirilmə aparılmasına ehtiyac var".

Bu fikirləri "Report"a açıqlamasında psixiatr, psixoterapevt Mehriban Rzayeva deyib.

Onun sözlərinə görə, vətəndaşlar çox vaxt maddi sıxıntılar səbəbindən psixoterapevtə müraciət etməkdən çəkinirlər: "Bakıda dövlət müəssisəsi kimi fəaliyyət göstərən Psixi Sağlamlıq Mərkəzi var. Mərkəzdə gənc psixiatrlar, psixoterapevtlər işləyir. Əhali hər zaman mərkəzə müraciət edə bilər. Çünki əhaliyə çox yüksək səviyyədə xidmət göstərilir".

M.Rzayeva bildirib ki, insanların dərmanla müalicədən imtina etməsi psixoterapiyaya sahəsində narahatlıq doğuran məsələlərdəndir: "Bəzi insanlar dərmanla müalicəyə qarşı çıxırlar. Çünki onlar psixotrop dərmanları qəbul edərkən asılılıq yaradacağından ehtiyat edirlər. Halbuki psixotrop dərmanlarla müalicə asılılıq yaratmır. Ümumiyyətlə, bu xəstəliyi dərmanla müalicə etmək lazımdır. Əks təqdirdə xəstəlik xroniki hala çevrilir və daimi müalicəyə ehtiyac yaranır. Ona görə də insanlar psixotrop dərmanlar qəbul etməkdən çəkinməməlidir. Bizim dərmanlar narkotik tərkibli olmadığından asılılıq yaratmır".  

Son xəbərlər

Orphus sistemi