Hospital Bəhram Bağırzadənin adından yayılan səs yazısına münasibət bildirib

Hospital Bəhram Bağırzadənin adından yayılan səs yazısına münasibət bildirib Mərkəzi Gömrük Hospitalı (MGH) Əməkdar artist Bəhram Bağırzadənin adından sosial şəbəkələrdə yayılan səs yazısına münasibət bildirib.
Sağlamlıq
20 İyun , 2020 16:44
Hospital Bəhram Bağırzadənin adından yayılan səs yazısına münasibət bildirib

Mərkəzi Gömrük Hospitalı (MGH) Əməkdar artist Bəhram Bağırzadənin adından sosial şəbəkələrdə yayılan səs yazısına münasibət bildirib.

Hospitalın Mətbuat Xidmətinin rəhbəri Dilarə Zamanova "Report"a açıqlamasında bildirib ki, Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalına yerləşdiriləndən sonra onun səs yazısı olmayıb.

"Sözügedən səsyazısının, həqiqətən də, Bəhram Bağırzadəyə məxsus olmasını ailəsindən soruşmaq lazımdır. Bəhram Bağırzadə iyunun 13-də digər hospitaldan bizim hospitala köçürülüb. Həmin vəziyyətdə də yatır. Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalına köçürüləndən sonra heç bir səs yazısı olmayıb. Çünki o, reanimasiya şöbəsində aparatlara qoşulub və danışmayıb. Ümumiyyətlə, həmin səsin Bəhram Bağırzadəyə aid olmasını isə ailəsi bilər, çünki o səs, bəlkə də, Bəhram bəyin səsi deyil. Həmin səs ya əvvəllər yazılıb, ya da heç onun səsi deyil", - D.Zamanova bildirib.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin 90%-dən çox ağciyər toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur. 

Son xəbərlər

Orphus sistemi