Hindistanın Azərbaycandakı səfirliyi əczaçılıq məhsulları üzrə vebinar təşkil edib

Hindistanın Azərbaycandakı səfirliyi əczaçılıq məhsulları üzrə vebinar təşkil edib Hindistan Azərbaycandakı Səfirliyi bu ölkənin müstəqilliyinin 75-ci ildönümü ilə bağlı keçirilən tədbirlərin bir hissəsi olaraq, Əczaçılıq məhsullarının İxracının Təşviqi Şurası (“Pharmexcil”) ilə birgə “Əczaçılıq sektorunda Hindistan-Azərbaycan əməkdaşlı
Sağlamlıq
13 Oktyabr , 2021 22:48
Hindistanın Azərbaycandakı səfirliyi əczaçılıq məhsulları üzrə vebinar təşkil edib

Hindistan Azərbaycandakı Səfirliyi bu ölkənin müstəqilliyinin 75-ci ildönümü ilə bağlı keçirilən tədbirlərin bir hissəsi olaraq, Əczaçılıq məhsullarının İxracının Təşviqi Şurası (“Pharmexcil”) ilə birgə “Əczaçılıq sektorunda Hindistan-Azərbaycan əməkdaşlığı” mövzusunda hibrid rejimdə ikitərəfli görüş – vebinar təşkil edib.

“Report” xəbər verir ki, tədbirdə 130-dan çox iştirakçı, o cümlədən Azərbaycanın dövlət qurumlarının, “Pharmexcil”, Hindistan Səfirliyinin, iki ölkənin aparıcı əczaçılıq şirkətlərinin nümayəndələri iştirak edib.

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna açılış nitqi ilə çıxış edərək, ölkəsinin əczaçılıq sənayesinin qlobal əczaçılıq sektorunda hakim mövqedə olduğunu bildirib.

İştirakçılara yeni əməkdaşlıq imkanları barədə məlumat verən səfir Hindistanda hər gün 8 milyon RT-PCR testinin istehsal olunduğunu qeyd edib. Əlavə edib ki, Azərbaycanda 200-ə yaxın Hindistanın əczaçılıq məhsulu artıq qeydiyyatdan keçib.

Səfir ölkəsinin sağlam iqtisadi artım nümayiş etdirdiyini və Beynəlxalq Valyuta Fondunun bu maliyyə ilində Hindistan iqtisadiyyatı üçün 9,5 % artım olacağını proqnozlaşdırdığını bildirib. Onun sözlərinə görə, bu iqtisadi artımın səbəbi Hindistan iqtisadiyyatında aparılan son islahatlar, o cümlədən yeni vergi qanunlarının təqdim olunması, İstehsal ilə əlaqəli Təşviq Proqramları, İnkişaf üzrə Maliyyə İnstitutunun qurulması, əmək qanunlarının qəbul olunması, aktivlərin monetizasiyası proqramının işə salınması, telekommunikasiya sektorunda investisiya siyasətinin liberallaşdırılması və s. ola bilər.

Səhiyyə Nazirliyinin Analitika Ekspertiza Mərkəzinin Qeydiyyat və Ekspertiza şöbəsinin müdiri Həmid Qurbanov ölkəmizdə dərman qeydiyyatı prosesi barədə təqdimatla çıxış edib. Tarif Şurasının baş məsləhətçisi Vüsal Dəmirov Azərbaycanda dərman qiymətlərinin tənzimlənməsi barədə danışıb. İcbari Tibbi Siğorta Agentliyinin Satınalma və təchizat şöbəsinin müdiri Rəşidə Abdullayeva Azərbaycanda əczaçılıq məhsullarının dövlət satınalması prosesi barədə məlumat verib.

“Pharmexcil”in Tənzimləmə Məsələləri üzrə Direktoru Lakşmi Prasanna “Hindistan Əczaçılıq Sənayesi və onun dünyaya töhvəsi” mövzusunda təqdimatı zamanı Cənubi Asiya ölkəsinin əczaçılıq formulalarının ixracının həcminə görə 3-cü, dəyərinə görə 10-cu yer tutduğunu və dünyanın aparıcı 20 qlobal generik dərman istehsalı şirkətinin 8-nin Hindistan şirkəti olduğunu bildirib.

Tədbirdə “Makromed” konsaltinq şirkətinin nümayəndəsi Ülviyyə Əzməmmədova Azərbaycanda dərman sənayesi sahəsində bazar imkanları, “Avromed” şirkətinin idxal üzrə meneceri Orxan Quliyev Hindistanın dərman şirkətləri ilə əməkdaşlıq imkanları barədə danışıb.

2021-ci ilin yanvar-iyul ayları ərzində Hindistan Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 96 % -dən çox artımla 15,8 milyon ABŞ dolları dəyərində dərman məhsulları ixrac edib. Bu dövrdə Hindistanın Azərbaycan bazarındakı payı 5,3 % -ə qədər yüksəlib.

Son xəbərlər

Orphus sistemi