"Qida Təhlükəsizliyi İnstitutunda qurulan laboratoriya sistemi qonşu ölkələrə də nümunə ola bilər".
"Report" xəbər verir ki, bunu Roma Kodeks Katibliyinin səlahiyyətli şəxsi Hilde Kruse Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarına baxış keçirərkən deyib.
O, Bakıya ilk dəfədir səfər etdiyini bildirib: "Burada olan laboratoriya sistemindən olduqca təsirləndim. Görünür ki, siz bu 5 il ərzində nəhəng işlər görmüsüz. Laboratoriya sistemi çox peşəkar qurulub və mən bura ilə tanış olduqca gördüm ki, bütün analizlər sanitar-gigiyenik tələblər gözlənilməklə yüksək səviyyədə həyata keçirilir. Siz bu analizləri beynəlxalq səviyyədə, Kodeksə uyğun edirsiz və qonşu ölkələr sizdən nümunə götürə bilər. Bunun üçün də sizi təbrik edirəm"
H.Kruse Kompleks Tədqiqatlar Laboratoriyasında baytarlıq preparatlarının, bitki qulluq və mühafizə vasitələrinin analizlərinin aparılması prosesini izləyib. Qeyd olunub ki, bu laboratoriyada qida məhsulları ilə təmasda olan maddə və materialların, qida məhsullarının, bioloji aktiv qida məhsullarının, həmçinin qida qatqılarının tərkib, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələr həyata keçirilir.