"REACT-C19 layihəsinin tətbiqi Azərbaycanın beynəlxalq təşilatlarla uğurlu əməkdaşlıq siyasətinin bariz nümunəsidir".
"Report" xəbər verir ki, bunu Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov layihənin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, layihə ölkədə bütün sahələrdə davamlı həyata keçirilən islahatlar çərçivəsində prioritet yer tutan kadr potensialının gücləndirilməsi tədbirlərinin bir nümunəsidir:
"REACT-C19 layihəsi səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə paralel olaraq fədakarlıqla ön cəbhədə çalışan tibb işçilərimizin davamlı olaraq bilik və bacarıqlarının yüksəlməsi, beynəlxalq təcrübədən bəhrələnməsi və lazımi elmi-texniki dəstəyin alınması üçün çox önəmli dəstəkdir".
Qeyd edək ki, bir ay əvvəl Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və tapşırığı ilə Heydər Əliyev Fondu, TƏBİB və ÜST tərəfindən koronavirusla mübarizədə REACT-C19 layihəsinin icrasına başlanıb. Bu günə qədər 8 xəstəxananı əhatə edən layihədə Türkiyədə işləyən 19 azərbaycanlı həkim iştirak edib. Heyət iyunun sonunadək Azərbaycanın müxtəlif bölgələrində fəaliyyətini davam etdirəcək.