Qızılca istənilən yaşda müşahidə edilə bilər.
"Report"un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, epidemioloq Nigar Mütəlibova deyib.
Onun sözlərinə görə, lakin 1 yaşdan 4-5 yaşa qədər uşaqlar arasında daha çox rast gəlir, 6 aya qədər uşaqlar qızılca ilə nadir hallarda xəstələnirlər: "3 aya qədər uşaqlar isə bir qayda olaraq xəstələnmirlər ki, bu da anadan ötürülən passiv immunitetin sayəsindədir. Xəstə insandan yoluxma səpgilərin əmələ gəlməsindən 4-5 gün əvvəl və səpginin yaranmasından 5 gün sonra baş verə bilər".
Mütəxəssis xatırladıb ki, infeksiyanın ötürülməsi hava-damcı yolu ilə baş verir: "Öskürmə, asqırma zamanı qızılca virusu yuxarı tənəffüs yollarının selik hissəcikləri vasitəsilə ətraf mühitə ifraz olunur və hava axını ilə böyük məsafələrə yayıla bilər. Qızılca zamanı ağırlaşmalar xəstəliyin istənilən dövründə baş verə bilər. Bu da virusa ikincili infeksiyanın qoşulması ilə bağlıdır. Fəsadlaşma tənəffüs yollarının iltihabi ilə (bronxit, pnevmoniya), orta qulağın iltihabı (otit), baş beyin və onurğa beyin qişasının iltihabı ilə (meningit, ensefalit, meninqoensefalit) təzahür edir. Qızılca xəstəliyi ilə mübarizədə ən effektiv vasitə peyvənddir. Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən gətirilən qızılca, parotit və məxmərək xəstəlikləri ilə mübarizədə 3 komponentli vaksin istifadə olunur".
Qeyd edək ki, qızılca kəskin infeksion virus mənşəli xəstəlik olub, temperaturun artması, intoksikasiya, yuxarı tənəffüs yollarının və gözün selikli qişasının zədələnəməsi və ləkəli-papulyoz səpkilərlə səciyyələnir. Bu xəstəliyə yalnız insanlarda rast gəlinir.