"Hazırda koronavirusa qarşı vaksinlər yüksək qoruma səviyyəsinə malikdir".
Bu barədə “Report”a Avropa Dərman Agentliyindən (EMA) koronavirusun yeni “mü” ştamının yayılmasını şərh edərkən məlumat veriblər.
“Vaksinlərin effektivliyi və qoruma müddəti haqqında məlumatlar göstərir ki, Aİ/Avropa İqtisadi Zonasında icazə verilən bütün vaksinlər hazırda COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilməkdən, xəstəliyi ağır keçirməkdən və ölümdən yüksək səviyyədə qoruma xüsusiyyətinə malikdir.Bu vəziyyətdə əsas prioritet hələ vaksinlənməmiş şəxslərə peyvənd vurulması olmalıdır”, - məlumatda bildirilib.
Agentlikdən onu da deyiblər ki, vaksinləmə səylərindən başqa, fiziki məsafənin saxlanması, əllərin və nəfəs yollarının gigiyenasına riayət, həmçinin lazımi yerlərdə maskadan istifadə kimi tədbirlərin tətbiqi son dərəcə vacibdir.
“Agentlik vaksinlərinin koronavirusun bütün yeni variantlarından qorumasını təmin etdiyini araşdırmaları üçün bütün istehsalçılara müraciət edib”, - EMA-dan bildirilib.