Elnur Əkbərov: "Azərbaycanda burun estetikasını həm ümumi cərrah, həm lor, həm də plastik cərrah edir" - MÜSAHİBƏ

Elnur Əkbərov: "Azərbaycanda burun estetikasını həm ümumi cərrah, həm lor, həm də plastik cərrah edir" - MÜSAHİBƏ Bakı. 29 oktyabr. REPORT.AZ/ Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Otorinolarinqologiya bölməsinin rəisi, Silahlı Qüvvələrin Baş otorinolarinqoloqu Elnur Əkbərovun “Report”a müsahibəsi
Sağlamlıq
29 Oktyabr , 2018 10:33
Elnur Əkbərov: Azərbaycanda burun estetikasını həm ümumi cərrah, həm lor, həm də plastik cərrah edir - MÜSAHİBƏ
Report/Elchin Murad

Bakı. 29 oktyabr. REPORT.AZ/ Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Otorinolarinqologiya bölməsinin rəisi,  Silahlı Qüvvələrin Baş otorinolarinqoloqu Elnur Əkbərovun “Report”a müsahibəsi

- Payız-qış mövsümündə burun, boğaz və qulaqla əlaqəli hansı xəstəliklər özünü büruzə verir?

- Payız mövsümündə daha çox xroniki xəstəliklərin kəskinləşməsi baş verir. Xüsusilə də burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərinə xas olan payız və yaz kəskinləşmələridir. Bu baxımdan, xroniki sinusitlər, rinitlər, allergik sinusitlər, allergik rinitlərdə kəskinləşmələr olur. Xəstəliklərin kəskinləşmə şiddəti və müddəti orqanizmin immun sisteminin aktivliyindən, fəslin nə qədər ağır keçməsindən birbaşa asılıdır. Misal olaraq, payız fəslində temperatur nə qədər aşağı düşürsə, kəskinləşmə uzunmüddətli, eləcə də şiddətli olur. Bütün xroniki xəstəliklərdə olduğu kimi, xəstəliyin kəskinləşməsini qabaqlamaq üçün müəyyən müalicə tədbirləri var. Bunlardan birincisi, immun sisteminin gücləndirilməsi, yəni düzgün qidalanma və istirahətdirsə, ikincisi xüsusi tədbirlər kəskinləşən xəstəliyin önünü alacaq dərman preparatlarının istifadəsi ilə bağlıdır.

- Yuxarıda sadalanan xəstəliklər əsasən özünü hansı formada büruzə verir?

- Xroniki xəstəliklərin kəskinləşməsi və fəsad vermə ehtimalları daha çox yaşlılarda və uşaqlarda olur. Bu, yaşlı insanlarda, immun sisteminin zəifləməsi və paralel şəkildə gedən digər xəstəliklərlə əlaqəlidirsə, azyaşlılarda problem daha çox immun sisteminin tam qurulmadığı, kollektivlə sıx təmasın olmasına görə xəstəliklərin yayılması və digər üst tənəffüs yolları xəstəliklərinin fonunda xroniki xəstəliklərin kəskinləşməsinin çoxalması ilə bağlıdır. Gənclər və orta yaş təbəqəsi nümayəndələrində həyat tərzi mühim rol oynayır. Belə ki, bir çox insan gündəlik sağlam həyat tərzinə əməl etmir. Düzgün qidalanmamaq da, öz növbəsində, immun sisteminin zəifləməsinə və təbii olaraq xroniki xəstəliklərin kəskinləşməsinə, eləcə də kəskinləşmənin ağır keçməsinə şərait yaradır.

- Kəskinləşmiş xəstəliklər nəticədə hansı fəsadlara yol açır?

- İstənilən tənəffüs yolları infeksiyasının verə biləcəyi klassik fəsadlar var. Xroniki xəstəliklərdən söhbət gedirsə, üst tənəffüs yollarının ən çox verə biləcəyi fəsadlar burun boşluğu və burunətrafı ciblərdə əmələ gələn poliplərdir ki, bunların əmələ gəlməsində allergiya böyük rol oynayır. Alt tənəffüs yollarında isə bronxoektiziyalar, xroniki bronxitlər, ağciyərlərin obstruktiv xəstəliyi kimi fəsadlar yaranır. Tənəffüs yolları xəstəlikləri isə yetərsiz ağciyər, hipoksiya ilə müşayiət olunan vəziyyətə gətirib çıxarır. Qulaq xəstəliklərinin verə biləcəyi fəsadlar kəlləxarici və kəllədaxili ola bilir. Bunlardan bəziləri həyati təhlükəlidir. Məsələn, meningit, beyin qişaları və baş beyin absessləri və s. Əsnəkdə müşahidə olunan fəsadlar, paratonzilyar və parafarengeal absesslər, Lyudviq anginası, dərin boyun infeksiyaları, mediastinitlər və s. adları çəkilə bilər.

- Mövsümlə əlaqəli həm də koxlear nevritlər də özünü göstərir. Bu nə ilə əlaqəlidir?

- Bu, eşitmə ilə əlaqəli problemdir. İstənilən hissi orqanların fəaliyyəti sinirlər vasitəsilə təmin olunur. Bunlardan biri də eşitmə siniridir. İlbizdən baş beyin, mərkəzi sinir sisteminə doğru gedən eşitmə siniri-koxlear sinir var. Bu sinirin keçiriciliyində baş verən xəstəliyə-koxlear nevrit deyilir. Koxlear nevrit iki şəkildə - kəskin və xroniki formada olur. Kəskin koxlear nevritlər eşitmə siniri keçiriciliyinin anidən pozulması zamanı meydana gəlir. Bu baxımdan, kəskin koxlear nevritdə siniri təşkil edən liflərin bir qismində keçiricilik pozulur. Rastlanma sıxlığı payız və yaz aylarına təsadüf edir. Bu da xəstəliyin təməlində duran neyrotrop virus infeksiyaları səbəbindəndir. Eşitmə zəifliyi əmələ gəldiyi andan etibarən bu durum, kəskin koxlear nevrit adlanır. Baş verdiyi dövrdən iki aydan çox keçərsə, bu artıq xroniki hala keçir. Kəskin dövrdə, medikamentoz üsullardan istifadə etməklə xəstəliyin verdiyi eşitmə azlığını aradan qaldırmaq mümkündür və 80-90% hallarda bu, öz müsbət nəticəsini verir. Xroniki halda isə eşitmə pozulduğu şəkildə qalmaqla yanaşı, zamanla insan əgər sağlam həyat tərzi sürmürsə, durum getdikcə ağırlaşaraq əlillik dərəcəsi ilə bitə bilər.

Kəskin koxlear nevritlər istənilən yaşda ola bilər. Anadangəlmə eşitmə zəiflikləri, adətən, inkişaf qüsuru olaraq təzahür edir. Bunun da bir çox səbəbi var. Bu, adətən, vaxtından əvvəl doğulan, yaxud doğuşdan sonra sarılıq keçirən uşaqlarda daxili qulaqda olan ilbizin inkişafının pozulması zamanı meydana çıxır.

Anadangəlmə eşitmə qüsurunda genetikanın rolu böyükdür. Bir çox sindromlar var ki, bunlar eşitmə zəifliyi ilə müşahidə olunur. Dölün inkişafındakı ilk və son 3 ayında dölə mənfi təsir edə biləcək hər hansı dərman vasitələrindən, qida məhsullarından mümkün olduğu qədər uzaq olmaq lazımdır ki, bu kimi problem meydana gəlməsin. Əks halda, radiasiyanın, xüsusilə də tərkibində ağır metalların olduğu qida məhsullarının təsiri nəticəsində döl zədələnə bilər. Ana bətnində döldə eşitmə qüsurunun olmasını hələ təyin etmək mümkün deyil. Hazırda bu məsələ üzərində araşdırmalar gedir.

- Adətən, payız və qış aylarında insanlarda burun axıntıları müşahidə olunur. Bu, allergiya ilə, yoxsa hansısa burundaxili fəsadla əlaqəlidir?

- Burundan hansısa mayenin axmasına rinoreya deyilir. Bu da bir sıra xəstəliklərin səbəbkarıdır. Bunlardan ən çox rastlananı-nazofaringitdir. Havalar soyuq olanda burundan adi şəffaf axıntı gəlir. Bu ya kəskin rinit, ya nazofaringit, ya sinusit, ya da travmatik mənşəli hər hansı patalogiyalar nəticəsində ola bilər. Burundan axan axıntı bir çox xəstəliklərin təzahürü ola bilir. Əsas məsələ bunları bir-birindən ayırd edə bilməkdir. Misal olaraq, əgər burun axıntısını payız fəsli ilə əlaqələndiririksə, burada virus və allergik rinitlərdən söhbət gedir. Allergiya özü immun sistemində konflikt durum deməkdir. Orqanizmin immun sisteminin aktiv hüceyrələri burun boşluğu və burun ətrafı ciblərin selikli qişasını düşmən olaraq qiymətləndirir və ona hücum edir.

- Son zamanlar çəpər əyriliyi, yaxud da burun-boğaz ətlərinin kəsilməsi halları geniş yayılıb. Mütəxəssis kimi, belə əməliyyatlara hansı hallarda ehtiyac var?

- Burun arakəsməsinin (çəpər) əyriliyi burun tənəffüsünün mülayim və ya kobud şəkildə pozmadığı müddət ərzində əməliyyata göstərişi yoxdur. Çünki çəpər əyriliyi bu və ya digər şəkildə hər kəsdə var.

Bildiyimiz kimi, burun yollarının girişi olduğu kimi, çıxışı da var. Gəniz bölgəsində adenoid deyilən toxuma var. Bu da immun sisteminin bir hissəsi olduğundan, uşaq yaşlarında bu sistem hələ qurulmaqda olduğu üçün bir qədər böyük olur. Əgər adenoid toxuması il ərzində 3-4 dəfə infeksiyalaşırsa, yəni burundan irin axma, qoxu bilmənin pozulması, selikli ifrazatın əmələ gəlməsinə şərait yaradırsa, bu halda adenoidektomiya deyilən əməliyyata göstəriş var. Yəni infeksiyalaşmış hissə kəsilib götürülür. Bundan başqa, xüsusilə də uşaqlarda digər göstəriş adenoid toxumasının böyüyərək burun çıxacaqlarını bağlamasıdır. Bu halda burun tənəffüsü pozulur və əməliyyata zəmin yaradır. Bu əməliyyatlar üçün yaş məhdudiyyəti yoxdur.

“Boğaz ətinin kəsilməsinə” (tonzillektomiya) gəlincə, damaq badamcıqlarının xaric edilməsi əməliyyatının konkret göstərişləri var. Belə ki, il ərzində 4 və daha çox anginaların olması əməliyyata zəmin yaradır. Çünki, bu, xroniki infeksiya ocağının yaranması rolunu oynayır və mütəmadi olaraq mikroblar qana sovrulur, mübadilə pozulur və nəticə etibarı ilə mikrobların verə biləcəyi böyrək və ağciyər xəstəliklərinin qarşısını almaq üçün əməliyyat şərtdir. Xüsusilə də damaq badamcıqlarında revmatik xəstəliklərə təkanverici amil olan bakteriyanın aşkarlanması zamanı da əməliyyat qaçılmazdır. Əks halda ürəyin mitral qapağının, eləcə də böyrəklərin zədələnməsi kimi problemlərlə üzləşərik. Ona görə də əməliyyat üçün yaş məhdudiyyəti yoxdur.

Burun tənəffüsü normal olmayan insanlarda xroniki hipoksiya olur. Bu, özünü halsızlıq, yorğunluq, iştahsızlıq, günün birinci yarısında enerjili şəkildə olduğu halda, günün ikinci yarısında süstləşmək və baş ağrıları kimi şikayətlərlə göstərir. Burun arakəsməsinin əyriliyi burun tənəffüsünün pozulması ilə təzahür edirsə, hipoksiya ilə müşahidə olunur. Hipoksiya varsa, istənilən orqanda zədələnmə müşahidə oluna bilər. Bu da orqanların funksiyasının pozulmasıyla özünü göstərir.

- Qulağın düzgün təmizlənməsi üsulları necədir? Qulaq çöplərindən istifadə məsləhətdirmi?

- Qulağın özünü təmizləmə qabiliyyəti var. Qulaq keçəcəyində əmələ gələn sarımtıl ifrazat-qulaq kiridir. Bu maddə əmələ gəldikcə tədricən xaric olunur və adətən qalmır. Əks halda, “qulaq kiri”nin professional təmizlənməsi daha düzgündür. Qulaq çöpü deyərək adlandırdığımız gigiyenik çöp normalda qulaq təmizləmək üçün deyil. Bu çöplər qulaqdakı “kiri” təmizləyə bilməz. Həmin çöplərlə, sadəcə, xarici qulaq keçəcəyinin girişindəki, gözlə görünə biləcək “kiri” estetik baxımdan təmizləmək olar.

Bəzən gigiyenik çöplərdən istifadə edən insanlar dərinə gedərək qulaq pərdəsini zədələyirlər. Qulaq pərdəsi dəlinmələri iki ay müddətində özbaşına bağlanmasa mütləq şəkildə əməliyyatla-mirinqoplastika ilə bağlanmalıdır.

- Qulağa hidrogen peroksid (perekis) damcılatmaq nə dərəcədə təhlükəlidir?

- Son zamanlar bu hal geniş yayılıb. Əgər qulaqda hər hansı diskomfort varsa, müayinə olunmadan ora nəsə damcılatmaq düzgün deyil. Bu, risklidir. Çünki təbil pərdəsində dəlik olduqda qulağa damcıladılan hər şey birbaşa orta qulağa gedir. Orada infeksiya başlayarsa, meningit, üz sinirin iflici, beyin qişaları arasında absess kimi fəsadlara yol açıla bilər. Bu halların ölümlə nəticələnmə və şikəst qalma ehtimalı çox yüksəkdir.

Təəssüf ki, hələ də ucqar bölgələrdə primitiv gigiyena normalarına əməl olunmur. Eyni zamanda bu məsələdə təbliğat və təşviqat işləri zəifdir. Bu baxımda, təbabətin maarifləndirmə sahəsinə daha çox güc vermək lazımdır.

- Haymoritin ev üsulu ilə müalicəsi mümkündürmü?

- Sinusitin formaları var ki, onlardan biri də haymoritdir və əng cibinin zədələnməsi ilə xarakterizə olunur. Haymoritin müalicəsi, onun nəyin fonunda əmələ gəlməsinə görə dəyişir. Əgər bu, üst tənəffüs yolları infeksiyasının fəsadıdırsa və qrip fonunda əmələ gəlibsə, o zaman burun boşluğuna damarbüzücülər damcılatmaqla, qıcıqlanmanı aradan qaldıracaq allergiya əleyhinə dərmanlar istifadə etməklə sağaltmaq mümkündür. Əgər sinusit allergiya zəminində əmələ gəlirsə, ilk növbədə, immun sistemi müalicə olunur. Zamanında müalicə olunmayıbsa və xroniki hala keçibsə, poliplər cibi doldurubsa, cibin özünü təmizləmə qabiliyyəti pozulursa, onda əməliyyat mütləqdir. Əməliyyat zamanı cibin təbii dəliyi genişləndirilir, içərisi boşaldılaraq müalicə tətbiq olunur. Yenidən bu halın təkrarlanmaması üçün ildə iki dəfə müalicə almaq lazımdır. Yəni, tək əməliyyatla iş həll olunmur. Bu halda əməliyyat müalicənin yalnız başlanğıcıdır. Əməliyyatdan sonra həmin şəxslər yaz və payız öncəsi mütləq şəkildə müalicə olunmalıdır. Adətən, 4-5 kurs müalicədən sonra uzun müddətli remissiya əldə olunur. Əgər bu xəstləlik müalicə olunmazsa, həyatitəhlükəli fəsadlar müşahidə oluna bilər.

- Burunda çöpün qalmasının tibb elmində əsası varmı? Varsa bu hal nədən qaynaqlanır?

- İnsanın udqunmasını təmin edən mexanizm 2 hissədən ibarətdir. Bu da iradi və qeyri-iradi fazalara bölünür. Qida udlağa gedənə kimi şüurlu və iradi şəkildə olur. Dil kökündən sonrakı mərhələ isə qeyri-iradi olur. Qidanın, qida borusuna düşmədiyi halda “çöpün” aktuallığı yer alır. Udqunma zamanı, dil kökü yuxarı qalxır, yumşaq damaq aşağı çökür və qida aşağı doğru itələnir. Aşağıda qida və hava yolu var. Dil kökü qalxan zaman aşağıda nəfəs yolu qırtlaq qapağı vasitəsilə bağlanır. Beləliklə, qida sürüşərək məcburən qida borusuna keçir. “Çöp qalması”- iradi və qeyri-iradi mərhələnin toqquşması nəticəsində yaranır. Biz qida qəbulu zamanı danışırıqsa, yumşaq damaq tərpənir. Odur ki, qida qəbulu zamanı danışmaq və ya diqqətin dağılması halı olmamalıdır.

- Kişi və ya qadın səslərinin incə və ya qalın olması nə ilə əlaqəlidir? Problemi necə aradan qaldırmaq olar?

- Səsin formalaşması cinsiyyət hormonları təsiri ilə baş verir. 12-14 yaşlarında hormonal fon tənzimlənərək fərdin ya estrogenləri, ya da testestronları çoxalır. Bir kişidə testesteronlar lazımi səviyyədə deyilsə, qırtlağın formalaşması, yetişməsi başqa cür gedir. Testesteron miqdarı çoxaldıqca səs telləri qalınlaşır, kobudlaşır, qısa qalır. Estrogen hormonların nəticəsində isə səs telləri uzanır və üzərini örtən selikli qişa incələrək nazik olur. Endokrin pozuntu olan zaman isə səs uşaq səsi olaraq qalır.

Səs pozulmalarını bərpa etmək mümkündür. Burada faktorlardan biri də, psixolojidir. Misal olaraq, hormonlar lazımi səviyyədə olur və səs də formalaşır, amma həmin şəxs uşaq səsi ilə danışır. Bu, şüuraltı problemdir və özünü mutasiyonal falsetto olaraq adlandırdığımız xəstəlik kimi göstərir. Bu halda, bir neçə dəfə səs terapiyası apararaq normal səs əldə etmək mümkündür. Çətini, o səsi pasiyentə hiss etdirməkdir. Bu problem daha çox oğlan uşaqlarında müşahidə olunur. Qadınlar var ki, səsləri olduqca qalındır. Əgər testestronun miqdarı artıq deyilsə, onları da səs terapiyası ilə düzəltmək olur. Əsas problem cinsi azlıqlarda olur. Bu da tiroplastika, səs cərrahiyyəsi ilə həll olunur. Qırtlağın skeletinə müəyyən cərrahi müdaxilələr icra edilməklə səs tellərini ya qısaldıb, ya da uzadırıq.

- Səs batması hansı hallarda baş verir? Bunun bərpası çətindirmi?

- Səsin vokal 32 parametri var. Bu parametrlərdən bəziləri dəyişən zaman səsin “batması” baş verir. Yüksək səslə danışan insanlarda səs tellərinə qansızma və ödem ola bilir. Ayrıca, hərbçilərdə, müğənnilərdə səsin yanlış istifadəsi zamanı səs tellərinin selikli qişasında yırtılmalar olur. Bir çox hallarda bu problem əməliyyatla aradan qaldırılır. İstisna hallar var ki, bura qırtlağın xoş və bədxassəli yeni törəmələridir.

- Estetik burun əməliyyatını lor həkim, yoxsa plastik cərrah etməlidir?

- Azərbaycanda burun estetikasını həm ümumi cərrah, həm üz-çənə cərrahı, həm LOR-həkimi, həm də plastik cərrah icra edir. Dünya praktikasındada bu belədir. Mütəxəssis üçün önəmli olan, hər bir işdə olduğu kimi, baş verə biləcək problemli durumlarda düzgün qərar verməkdir. Ayrıca, estetika qavramı çox dəyişkən və fərdidir. Pasiyentin istəyi hər zaman əl çatan olmaya bilər. 

Son xəbərlər

Orphus sistemi